Moskvada Rusiya və İran xarici işlər nazirlərinin görüşü olub
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Görüşdən sonra keçirilən mətbuat konfransında S.Lavrov iki ölkə arasında ödəniş sistemlərinin inteqrasiyası məsələsinin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, Rusiya və İran Mərkəzi bankları “Mir” və “Şetab” ödəniş kartlarının inteqrasiyası məsələsini müzakirə edirlər. Nazir, həmçinin İran ilə münasibətlərə dair böyük saziş üzərində işin başa çatmaq üzrə olduğunu söyləyib. S.Lavrov Rusiya-İran hökumətlərarası komissiyasının növbəti iclasının bu ilin sonunadək keçiriləcəyini diqqətə çatdırıb.
Nazir, həmçinin qeyd edib ki, İranın nüvə proqramına dair razılaşmanın mətni indiki vəziyyətdə Moskvanı tam razı salır.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı ilə görüşdə müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, Tehran Zaporojye AES ətrafında vəziyyətin nizamlanmasına yardım göstərməyə hazırdır. Bundan başqa, o, Avropa ölkələrindən birinin rəhbərinin Ukraynada vəziyyətlə bağlı məktubunu S.Lavrova çatdırdığını vurğulayıb.
Nazir qeyd edib ki, görüşdə tərəflər İraqdakı vəziyyəti də müzakirə ediblər.