İranın xarici işlər naziri Lavrova narazılığını bildirib


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında bildirib ki, Tehran üç ada ilə bağlı istənilən tərəfin iddialarını qəti şəkildə rədd edir.


Abdullahiyan bu sözləri çərşənbə günü Mərakeşdə keçirilən 6-cı Rusiya-Ərəb Əməkdaşlıq Forumunun üç İran adası ilə bağlı bəyanatına cavab olaraq deyib.

Yüksək rütbəli iranlı diplomat vurğulayıb ki, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət ölkələr arasında münasibətlərdə fundamental prinsiplərdən biridir və Tehran öz ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı məsələlərə çox ciddi yanaşır.

Tehran və Moskva arasındakı münasibətləri strateji adlandıran Lavrov Rusiyanın İranın ərazi bütövlüyü və suverenliyinə hər zaman hörmət etdiyini bildirib.

Onun sözlərinə görə, Mərakeşdə keçirilən görüşün yekun bəyanatının hazırlanması üzrə danışıqlar zamanı Rusiya İranın suverenliyinə və ərazi bütövlüyünə hörmətə diqqət yetirib.

Diplomatlar Qəzza zolağındakı vəziyyətlə bağlı son hadisələri də müzakirə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu