ÜST Azərbaycana ekspert missiyası təşkil edib


Son beş il ərzində səhiyyə sisteminin gücləndirilməsi və universal tibbi təminata nail olunması məqsədilə Azərbaycanın səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər həyata keçirilməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı yerli tərəfdaşlarla sıx əməkdaşlıq edərək bu sahədə Azərbaycana fəal dəstək olur.


ÜST-ün Azərbaycan Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, bu dəstəyin bir parçası olaraq, ÜST-nin Ölkə Ofisi ehtiyacların qiymətləndirilməsi və ilkin səhiyyə, xəstəxana xidmətləri və tibb işçiləri üçün təlimlər sahəsində ölkəyə dəstək göstəriləcək istiqmətlətin müəyyənləşdirilməsi məqsədilə Azərbaycana ekspert missiyası təşkil edib.

Beş gün davam edəcək missiyanın tərkibi 9 beynəlxalq ekspert və ÜST Azərbaycan Ölkə Ofisinin 8 tibb mütəxəssisindən ibarətdir. Səfərin ilk günündə ekspertlər səhiyyə naziri Teymur Musayevlə missiyanın fəaliyyəti, həmçinin ölkəyə göstəriləcək texniki yardım planlarını müzakirə ediblər.

Ekspertlər Azərbaycan Tibb Universiteti, Dövlət Həkimləri Təkmilləşdirilməsi İnstitutu, Bakıdakı tibb kollecləri və Bakı Baş Səhiyyə Mərkəzində görüşlər keçirməyi planlaşdırır. Bundan başqa, Bakı şəhəri və Şamaxı rayonunda yerləşən 10 dövlət və özəl xəstəxana və ilkin səhiyyə xidməti mərkəzlərinə səfərlər nəzərdə tutulur. Eyni zamanda, ÜST-nin Şamaxıda həyata keçirdiyi digər təşəbbüs – İlkin Səhiyyə Xidmətinin Təşkilinə dair Nümayiş Layihəsi ilə bağlı tövsiyələr hazırlamaqla Azərbaycanda ilkin səhiyyə xidmətinin gələcəyinə dair görüşlərə töhfə verilməsi də missiyanın gündəliyindədir. Missiyanın sentyabr ayının 23-də Bakıda texniki dəstəyin istiqamətlərinin müzakirəsi və müəyyən edilməsi məqsədilə milli tərəfdaşların, o cümlədən 30-dan artıq azərbaycanlı tibb işçisinin də iştirak edəcəyi seminar ilə yekunlaşacağı gözlənilir.

ÜST Azərbaycanın səhiyyə sisteminin gücləndirilməsi istiqamətindəki səylərini dəstəkləmək və ictimai səhiyyədə fövqəladə halların effektiv aşkarlanması və qarşısının alınması imkanlarının artırıması məqsədilə bir sıra layihələr həyata keçirir. Sözügedən missiya ÜST-nin Azərbaycanın səhiyyə sisteminə davamlı dəstəyinin tərkib hissəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu