BNA-nın paytaxtda orta sürəti artırmaq qərarı absurddur - Osman Gündüz
BNA-nın paytaxtda sürət limitini 30km/saata endirməklə bağlı qərarı həm gözlənilməz, həm də absurd qərardır.
AFN.az xəbər verir ki, bunu mütəxəssis Osman Gündüz bildirib. Onun sözlərinə görə, bu qərar BNA-nın irəli sürdüyü arqumentlər, təhlükəsizlik, qəzaların minumuma endirilməsi baxımından indiki anda anlaşılan və məqbuldur: "Amma belə olmalı deyildi axı. Çünki dövlətin nəqliyyatı intellektual idarə etmək, ağıllı işıqforlar, ağıllı rəqəmsal həllər tətbiq etmək və bununla şəhər daxilində mövcud orta sürət həddini artırmaq, tıxacları minimuma endirmək kimi innovativ nəqliyyat siyasəti vardı. Yəni, 130 milyon dəyəri olan nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqində məqsəd həm də şəhərdəkı mövcud orta sürəti artırmaq olub. Həmçinin, BNA parkovka məsələsinə sərt yanaşma tətbiq etməklə, qanunsuz parklamanı tənzimləməklə də dolayısıyla həmin orta sürətin artırılması məqsədini qarşıya qoymuşdu.
Ümumiyyətlə, nəqliyyat sahəsində, piyada keçidləri sahəsində, yol nuişanları və tənzimləmə sahəsində indiyədək atılan bütün rəqəmsal və qeyri-innovativ addımlar paytaxtda orta sürəti artırmağa, tıxacda iməkləyən avtomobillərin orta sürət vahidini yüksəltməyə yönəlik addımlar olub və son məqsəd də həm də məhz bundan ibarət idi. Bunun qarşılığında isə əksinə, paytaxtda nəqliyyatı tənzimləməyə səlahiyyətli olan dövlət qurumu birdən-birə sürət həddini endirdi. Buradan belə qənaətə gəlmək olar ki, hökumət özü də fərqindədir ki, sektorda atılan innovartiv, intellektual və administrativ addımlar özünü doğrultmayıb. Ümid edirəm, qərar qəbul edənlər bunun fərqindədir".