Medianın dövlət tərəfindən maliyyələşdirilməsi faciədir - Elçin Şıxlı (MÜSAHİBƏ)


Bu günlərdə Azərbaycan Mətbuat Şurasının qurultayı keçirildi. Media cameəsində mühüm olan tədbir bu sahədəki problemləri bir daha gündəmə gətirdi. Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı ilə müsahibədə bu istiqamətdə suallara aydınlıq gətirməyə çalışdıq:


- Elçin müəllim, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədrisiniz. Birlik hazırda konkret olaraq nə işlə məşğuldur?

- AJB hazırda cari işlərlə məşğuldur. Ciddi bir layihəmiz və ya fəaliyyətimiz yoxdur

- Mətbuat Şurasındaki prossesləri izləyirsinizmi?

- Xeyr, izləmirəm.

- Elə bu günlərdə mediayaya verdiyiniz açıqlamadan aydın olur ki, indiki sayt və onların redaktorlarından narazısınız. Sizcə, peşakar media və onun işçiləri necə olmalıdır?

- Mən ümumən medianın vəziyyəti və işindən narazıyam. Hərçənd, ayrı-ayrı gözəl jurnalist işləri mövcuddur.

- Media sahəsində sizi qane edən və etməyən nələrdir?

- Media strukturlarının özlərini iqtisadi cəhətdən təmin edə bilmədikləri üçün ələbaxan olmasından irəli gələn qeyri-müstəqillik.

- Yəqin ki, hər bir media orqanı təsis edilən günü qarşısına bir məqsəd, ideya qoyur. “Ayna.az” saytında bu məqsəd, ideya nədir?

- “Ayna” və “Zerkalo” dürüst xəbər verməyi və dünyada baş verənləri oxucularına izah etməyi əldə rəhbər tutmağa çalışır.

- Medianın dövlət tərəfindən maliyyələşdirilməsinə necə baxırsız? Ayna.az-ın maliyyələşməsi üçün müraciət etmisinizmi MEDİA Agentliyinə?

- Medianın dövlət tərəfindən maliyyələşdirilməsinə bir faciə kimi baxıram. Amma gerçək vəziyyəti nəzərə alsaq, dövlət mediaya yardım etməlidi. Lakin bu yardım birbaşa pul verməklə deyil, iqtisadi müstəqillik üçün zəmin yaratmaqla olmalıdır. Medianın İnkişafı Agentliyinə isə rəsmi müraciət etməmişəm.

- Televiziyada fəaliyyətə başlamağınıza səbəb nə oldu?

- Təklif etdilər, mən də qəbul etdim. Çünki bu gün “danışan başlara” yazılanlardan daha çox əhəmiyyət verirlər.

- Bundan sonra biz sizi yeni mərkəzlərdə görə bilərikmi?

- Bilmirəm...
- Azərbaycanda xarici dilli media zəifdir, beynəlxalq aləmə sözümüzü deyəcək ciddi bir media orqanı yoxdur. Bu istiqamətdə nəyə ehtiyac var?

- Rus dilini xarici dil saymasaq, digər dillərdə media orqanları yaratsaq belə, hazırda bunun səmərəsizliyinə tam əminəm, çünki ingilis, alman və ya fransızdilli oxuculara Azərbaycan maraqlı deyil, ümumən mütləq əksəriyyət bizi heç tanımır da. Yalnız Bakı, neft və Ermənistan-Azərbaycan savaşı kontekstində maraqlı ola bilərik. Başqa yolla getmək lazımdır. Jurnalistlərimiz bir sıra xarici dilləri sanballı səviyyədə bilməli, dünya informasiya məkanının nəhəngləri ilə sıx əlaqələr qurmalı və Azərbaycanı onların vasitəsilə tanıtmağa çalışmalıyıq.

- Jurnalistikamızda görmək istədiyiniz nədir?

- Hər şey. Jurnalistikanın peşəkar və cəsur olmasını, rəsmi qurumlarınsa jurnalistikanın və xəbərin nə demək olduğunu nəhayət ki, anlamalarını istəyirəm.

- Gənc jurnalistlərə nə demək istərdiniz?

- Jurnalistikaya barmaqlararası baxmasınlar.

Fərahim RƏHİMOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu