Ermənistan silahlanır, yenə müharibə olacaq? - RƏYLƏR


Son günlər müzakirə edilən məsələlərdən biri də Ermənistanın müharibə hazırlıqları ilə bağlıdır. Düşmən dövlətin Hindistandan silah alması, başqa bəzi dövlətlərlə də danışıqlar aparması Azərbaycan ictimaiyyətində müzakirələrə səbəb olub. Ermənistan gerçəkdənmi müharibəyə hazırlaşır? İrimiqyaslı əməliyyatlar gözləniləndirmi?




AFN.az-a mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın son silah almaları birmənalı olaraq Azərbaycana qarşı revanş məqsədi daşıyır: "Tədarükçülər arasında Hindistan xüsusi yer tutur. Hindistandan həm tank əleyhinə olan raket sistemləri, həm pinaka reaktiv yaylım atəş sistemlərinin Ermənistana satılması üçün müqavilənin bağlanacağı gözlənilir. Hər bir halda biz bu prosesləri izləməli, onların Azərbaycan ərazisini vura biləcəyi məsafəyə çatdıqda tədbirlər görməliyik". Ə.Verdiyevin sözlərinə görə, alınan silahlar içərisində reaktiv artilleriya daha çox üstünlük təşkil edir: "Ümumi alınacaq sistemlərin sayı iki divizyonu təsis etmək üçün yetərlidir. Lakin xatırladım ki, iki diviziyonda təxminən 24 ədəd pinaka atıcı qurğusu və uyğun sayda daşıyıcı və doldurma vasitələri olacaq. Hər bir halda müharibə zamanı düşmən nəzərə almalıdı ki, pinakanın sələfi olan qrad reaktiv yaylım atəş sistemlərindən Azərbaycan 97 ədədini məhv edib, qənimət kimi götürüb. Bu baxımdan 24 ədəd plagiat Hindistan silahı, hansı ki, dünyada heç zaman tələbat olmayıb onlara, belə bir silah sistemlərinin alinması güc balansına təsir etməz. Ancaq Ermənistanın reaktiv artilleriya itkilərinin 20 faizini bərpa edə bilər. Ona görə də biz onların sərhədlərimizə yaxınlaşdığı halda məhv edilməsini reallaşdırmalıyıq".



Keçmiş döyüşçü Rey Kərimoğlu bildirdi ki, Ermənistan regionda həmişə silahlanmaya, terrora əl atan dövlət olub: "Onlar Qafqazda bir yaradırlar. 44 günlük müharibə onlara dərs olmadı. Sentyabrın döyüşləri onlara dərs olmadı, təzədən silahlanmaya əl atırlar. Azərbaycanı güclü şəkildə təhdid edirlər, hədə dolu bəyanatlar verirlər. Bu, xoşagələn deyil. Hindistan onlara silah versə də, bir şeyi unudurlar ki, Azərbaycanın güclü ordusu, güclü dövləti və xalqı var. Bu birliyi heç kəs məğlub edə bilməz. Əgər Ermənistan bir də müharibə niyyətinə düşsə, cavabı yenə qəti şəkildə veriləcək və qarşısı alınacaq. Narahat olmağa dəyməz".



Hərbi jurnalist Səxavət Məmmədin sözlərinə görə, Ermənistan ümumiyyətlə məğlubiyyəti ilə barışmır: "Sərhəddə ciddi yüksəklikləri itirdi, amma bununla barışmır. Bu baxımdan biz bunu gözləməli idik. Ermənistan 44 günlük müharibədə o qədər silah itirdi ki, silah arsenalını yenidən bərpa etmək çətin olacaq onlar üçün. Lakin onların silah yığmasının ciddi bir əhəmiyyəti yoxdu. Hindistandan alınan reaktiv raket sisteminin istifadəsi heç də asan məsələ deyil. Bir raket sistemi ilə Qarabağda onların hansısa bir uğurlu əməliyyat keçirəcəyi absurddur. Bundan narahat olmaq lazım deyil". Həmsöhbətimiz qeyd etdi ki, erməni tərəfi ələ keçirdiyimiz yüksəklikləri geri qaytarmaq istəyir: "Ona görə də silah məsələsindən ən çox gördüyü iş informasiya müharibəsidir. Bütün dünyaya Azərbaycanı aqressor kimi tanıdırlar. Bölgədə, İranda, Rusiyada baş verənlər onu deməyə əsas verir ki, hər an vəziyyət qarışa bilər. Ancaq Ermənistanın yeni hücüm edib də Azərbaycan ordusunun ələ keçirdiyi yüksəklikləri geri ala biləcəyini düşünmürəm. Bu gözlənilən də deyil. Çünki ordumuz öz ərazisində çox yaxşı mövqelənib. Ordumuz bütün mühəndis-istehkam,yol məsələlərini həll edib. Təxminən 1 aya o ərazilərdə hava şəraiti də ağırlaşacaq və situasiya elə olacaq ki, nə Ermənistan, nə də Azərbaycan tərəfinin hansısa əməliyyat keçirməyə imkanı olmayacaq. Bütün bu proseslər də sadəcə görüntüdür və Ermənistan cəmiyyətinin başını qatmaqdan ötrüdür".

Fərahim RƏHİMOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu