İran Rusiyaya PUA və ballistik raketlər verəcək - Röyter
İran Rusiyaya əlavə pilotsuz təyyarələr və "Yer-Yer" raketləri göndərməyə razılıq verib.
Bakupost.az "Röyter"ə istinadla xəbər verir ki, razılaşma oktyabrın 6-da İranın birinci vitse-prezidenti Məhəmməd Moxber, İnqilab Keşikçiləri Qvardiyasının iki yüksək vəzifəli rəsmisi və Ali Milli Təhlükəsizlik Şurasının nümayəndəsinin Rusiyaya silah tədarükü ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfəri zamanı əldə edilib.
"Ruslar əlavə pilotsuz təyyarələr və təkmilləşdirilmiş dəqiqliyə malik İran ballistik raketləri, xüsusən də "Fateh" və "Zülfüqar" raketləri istəyiblər", - deyə səfərlə bağlı məlumatlandırılan İran diplomatlarından biri bildirib.
Məsələ ilə bağlı bilgili olan Qərb rəsmisi məlumatı təsdiqləyərək qeyd edib ki, İran və Rusiya arasında "Yer-Yer" sinfindən olan “Zülfüqar”(700 kilometr mənzilli) da daxil olmaqla qısa mənzilli ballistik raketlərinin tədarükünə dair razılaşma əldə olunub.
"Röyter" vurğulayıb ki, İranın bu addımı “çox güman ki, ABŞ-ı və digər Qərb dövlətlərini hiddətləndirəcək”.
"İranlı diplomat Qərb rəsmilərinin Təhran və Moskvanın bu razılaşmasının BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə qəbul olunan qətnaməsini pozduğuna dair iddialarını rədd edib", - "Röyter" bildirib.
"Silahların harada istifadə olunması satıcının işi deyil. Biz Ukrayna böhranında Qərb kimi kiminsə tərəfini tutmuruq. Biz böhrana diplomatiya yolu ilə son qoymaq istəyirik", - iranlı diplomat deyib.