İranın Azərbaycana hərbi müdaxilə ehtimalı varmı?


İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi son günlərin əsas mövzusudur. Ən böyük və ən təhlükəli qonşumuz olan İran dövləti bu təlimlərlə nə demək istəyir?


Mövzu ilə bağlı AFN.az-a danışan politoloqların fikrincə, bu, bir mesajdır. Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, İran Zəngəzur dəhlizinin həyata keçirilməsi ehtimalından ciddi şəkildə narahatdır: “Cənub qonşumuz hesab edir ki, Azərbaycan və Türkiyə bu dəhlizi zor gücü ilə həyata keçirməkdə qərarlıdır. Yəni Ermənistana bunu siyasi səviyyədə qəbul elətdirmək və yaxud Ermənistan razı olmayacaq təqdirdə bu ideyanı güc yolu ilə həyata keçirmək niyyətindədirlər. Bu səbəbdən İran rəhbərliyi dəfələrlə bildirib ki, Ermənistanın sərhədlərinin bütövlüyü, dəyişilməzliyi və eyni zamanda Ermənistan- İran birbaşa quru ərazisinin qorunub saxlanılması İran İslam Respublikası üçün qırmızı xəttdir. Onlar belə hesab edirlər ki, əgər Zəngəzur dəhlizi koridor formasında gerçəkləşərsə, Zəngəzurun Ermənistanın suverenliyi altından çıxarılması təhlükəsi var. Belə olduqda isə həmin koridor Azərbaycan və Türkiyənin nəzarətinə keçə bilər. Bu da İran və Ermənistan arasında quru əlaqəsinin kəsilməsi deməkdir. Bununla da İranın Cənubi Qafqaza çıxışı yanlız Azərbaycandan aslı hala gəlir. Təbii ki, İran bunu istəmir. Eləcə də Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqəsinin qurulması İranın şimal sərhədlərini əhatə edən türk qurşağının yaranmasına zəmin yaradır. Yəni İranın baxışı belədir. Buda təbi ki, İran üçün ciddi narahatçılıq qaynağıdır”.
Ş.Cəfərli qeyd etdi ki, regionda türk faktorunun güclənməsi İranın daxilinə də təsir göstərə bilər: “Bildiyimiz kimi, sözügedən ölkədə milyonlarla soydaşımız yaşayır. Bu hadisə onlarda da ruh yüksəkliyi yarada bilər. Onların müstəqillik arzusu güclənə bilər. Bu isə İran üçün bölünmə, parçalanma riskini yaradır. İranda bu qorxular var. Bu qorxular səbəbi ilə Azərbaycana mesaj vermək ehtiyacını hiss edir. Sərhəd boyu hərbi təlimlər keçirməklə Bakıya mesaj verir ki, biz lazım olarsa, hərbi müdaxiləyə də hazırıq. Azərbaycan və Türkiyəyə bildirir ki, bu məsələ mənim maraqlarım baxımından çox kritikdir və lazım olarsa, mən bu regiona hərbi müdaxiləyə də hazıram. Hərbi müdaxilə ehtimalı da var. Doğrudan da Ermənistan və İran belə bir təhlükə hiss etsələr, Ermənistanın dəvəti ilə İranın hansısa hərbi qüvvəsini Ermənistan ərazisinə yeritməsi real ola bilər”.

Politoloq Orxan Vəliyev bildirdi ki, İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi SEPAH-ın Azərbaycana sərhəd bölgədə davam edən təlimlər haqqında Azərbaycan respublikası rəhbərliyinə əvvəlcədən məlumat verdiyini və təlimlərin sülh naminə keçirildiyini bildirdi: “Lakin bu, bizə çatdırılan, bizim mediada işıqlanandır. İran mediasında isə təlimlərdən 3 gün öncə SEPAH-ın quru qoşunlarının koordinasiya mərkəzinin müdir müavini Əliəkbər Purcəmşidian Araz bölgəsində təlim keçirməsi ilə bağlı çıxışında, hansısa sionist təhlükələrdən, İranın buna daim hazır olmasından söz açıb. Sionist dedikləri İsraildirsə, ölkə İrandan cənubda yerləşir. Mesaj vermək istəyən Şimalda niyə təlim keçirir?
Əliəkbər Purcəmşidian sözü gedən çıxışında Azərbaycan və Ermənistan adını çəkərək, iki ölkə arasında baş verənləri İrana təhdid sayıb, sərhədlərin dəyişilməməsindən söz açıb. İranın ölkəmizdəki səfiri nə qədər dostluqdan, qardaşlıqdan danışsa da, İran siyasətçiləri, din xadimləri və hərbiçiləri tərəfindən Azərbaycana qarşı səsləndirilən açıq təhdid mesajları tez-tez gəlir".

O.Vəliyevin sözlərinə görə, 1989-cu ildə İranla aramızdakı tikanlı məftillər yandırılanda belə hadisəni ciddiyə almayaraq müdaxilə etməyən İran hərbiçiləri bu gün öz ölkə daxili problemlərini, qanlı iğtişaşları görməzdən gələrək diqqətini Azərbaycana yönəldib: "Çünki artıq qarşısında qalib və güclü Azərbaycan var. İranı narahat edən Araz sərhədində 30 il iş birliyində olduğu narkotik və silah alverçiləri yerinə rəşadətli Azərbaycan ordusunun əsgərlərini görməsidir. Şah dövründən qalma avtomobilləri, istifadə müddəti bitmiş silahlı İran ordusundan fərqli olaraq ən müasir hərbi texnika və silahla ilə təchiz olunmuş Azərbaycan ordusudur İranı narahat edən”.


Fərahim RƏHİMOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu