“Dəfələrlə xəbərdarlıq etsək də, Rusiya vədini yerinə yetirmədi…”- ƏRDOĞAN
“Rusiya 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, kürd birləşmələrinin respublika sərhədindən çıxarılması ilə bağlı verdiyi vədləri yerinə yetirməkdən imtina etdiyi üçün Ankara Suriya və İraqda hava əməliyyatına başladı”.
Azpost.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən CNN Türk-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə tərəfi bununla bağlı Moskvaya dəfələrlə xəbərdarlıq edib: “Moskva üzərinə düşən vəzifəni yerinə yetirməyib və yerinə yetirməkdən də imtina edir”.
Ərdoğan qeyd edib ki, Türkiyə terrora qarşı susmaq niyyətində deyil və Rusiya tərəfi bölgəni terrorçulardan təmizləmək öhdəliyini yerinə yetirməsə, lazımi tədbirləri görəcək: “Biz Kobanidə 12 terrorçu yuvasını vurduq və məhv etdik. Türkiyə geri çəkilməyəcək, həm havadan, həm də yerdən bu antiterror əməliyyatı davam edəcək”.
Ərdoğan Türkiyənin Suriya və İraqın şimalındakı hava əməliyyatını Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Co Baydenlə müzakirə etmədiyini bildirib.