“20 Yanvar”da tıxac azalacaq
Şəhərətrafı ictimai nəqliyyatla “Xocəsən” stansiyasının fəaliyyəti yaxşı əlaqələndirilsə, Bakının şimal-qərb istiqamətində, xüsusən də Avtovağzal, Şamaxinka və “20 Yanvar” metrosu tərəflərdə nəqliyyatın hərəkətinə, az da olsa, müsbət təsiri görə bilərik.
AFN.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.
O, son illərdə Bakıda və şəhər ətrafında ictimai nəqliyyatın inkişafının gerilədiyini deyib: “Vaxtilə metronun “Avtovağzal” stansiyası istifadəyə veriləndə (19 aprel, 2016-cı il) Şamaxinka, “Memar Əcəmi” və “20 Yanvar” metro stansiyaları tərəflərdə bir qədər yüngülləşmə olmuşdu. Lakin təəssüf ki, ictimai nəqliyyatdakı son illərin durğunluğu və geriləmə həmin yerlərdə vəziyyəti 2016-cı ildən əvvələ və hətta daha gərgin səviyyəyə qaytardı. “Xocəsən” stansiyasının istifadəyə verilməsi də vəziyyəti hiss edilən dərəcədə yaxşılaşdıra bilər. Bunun üçün stansiyanın yanında Nəqliyyat Mübadilə Mərkəzi yaratmaq zəruridir. Lökbatandan (o cümlədən “Sədərək”, “Binə” və “Meyvəli” TM-lərindən) Ələtədək, şimal-qərb istiqamətində isə Sulutəpədən Pirəkəşkülədək, habelə Xırdalanın qərb tərəfindən sərnişin axınını bu stansiyaya yönəltmək lazımdır. Bunun üçün müəyyən marşrut avtobuslarının hərəkət sxemi dəyişdirilməlidir, stansiya ətrafındakı yollarda və oraya gətirən yollarda hərəkətin təşkilində ciddi dəyişikliklər edilməlidir. Düşünürəm ki, bundan sonra göstərilən istiqamətdən müntəzəm olaraq sərnişin daşıyan taksilərin də bəziləri tədricən “Xocəsən” stansiyasını seçəcək”.
Ə.Hüseynov əlavə edib ki, yuxarıdakı yeniliklər edilsə, metropolitenin bənövşəyi xətti üzrə indiki hərəkət qarafiki (qatarlar arasında intervalın 8 dəqiqə olacağı deyilir) də Şamaxinkadakı və “20 Yanvar” zonasındakı tıxaclardan daha cazibədar olacaq: “Perspektivdə isə "Xocasən" stansiyası yaxınlığındakı dəmiryol üzərində şəhərətrafı qatarlar üçün stansiya tikmək, Lökbatan-Ələt istiqamətində şəhərətrafı qatarlarala səmərəli sərnişindaşıma təşkil etmək lazımdır. Bənövşəyi xəttin "8 Noyabr" stansiyasından sonrakı hissəsinin tikintisinin sürətləndirilməsi və bu xətt üzrə qatarlararası intervalın azaldılması da çox vacibdir”.