“Xocəsən” metro stansiyasında gündəlik daşınan sərnişin sayı açıqlanıb
Bakı metrosunun “Xocəsən–Avtovağzal” istiqamətində gündəlik ortalama 1 500–2 000 sərnişin daşınır.
AFN.az report-a istinadən xəbər verir ki “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sözlərinə görə, bu istiqamətdə sərnişindaşıma üzrə dekabrın 27-də rekord göstərici qeydə alınıb:
“Xocəsən” stansiyasının açılışından ilk bir neçə günün sərnişindaşınmasını nəzərə alsaq “Xocəsən–Avtovağzal” istiqamətində dekabrın 27-də ilk dəfə 2 500 sərnişin daşınıb. Biz hesab edirik ki, mövcud interval, qatarların 7 vaqondan ibarət olması və başqa bir sıra xüsusiyyətlər sərnişindaşıma potensialının bir neçə dəfə çox olduğunu göstərir”.
Metro sözçüsü qatarlar arasındakı intervalın ilk vaxtlar 19 dəqiqəyə qədər yüksələ biləcəyini də açıqlayıb:
“Xocəsən" stansiyası elektrik deposunun ərazisində yerləşdiyindən orada hərəkətin təşkili ilə bağlı xüsusi hazırlıqlar, qrafiklər var. Çünki deponun ərazisində bizim adət etdiyimiz ənənəvi sürətlər olmur, daha aşağı sürətlər olur.
Hazırda gündəlik iş rejimi şəraitində müxtəlif nəzarət mexanizmləri tətbiq olunur. Ümumən xəttin sərnişindaşıma yükü “Xocəsən” stansiyasının proqnozlaşdırılan sərnişindaşıması da nəzərə alınmaqla “Xocəsən–Avtovağzal” sahəsində interval 16 dəqiqə, xəttin daxilində yəni “Avtovağzal–8 Noyabr” istiqamətində isə 8 dəqiqəlik interval var”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də “Bakı Metropoliteni” QSC-nin sayca 27-ci stansiyası olan “Xocəsən”in və eyniadlı elektrik deposunun açılışını edib.