Rusiya-Ukrayna müharibəsi bitməmiş, qapıda növbəti müharibə...
Aylardır müharibənin astanasında olan Serbiya ilə Kosovo arasında iplər gərginləşib. AB və NATO-nun çağırışlarına baxmayaraq, sərhəddə barrikadalar qurulub.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Serbiya və Kosovo arasında əlaqələr qırılma nöqtəsinə çatıb. Gecə yarısı orduya verilən “hazır ol” əmrindən sonra sərhəddə barrikadalar qurulub. Son proseslər "Avropada yeni müharibəmi var" sualını gündəmə gətirib. Kosovo polisi serblərin Kosovonun şimalındakı Mitrovitsa və Zveçan bələdiyyələrində iki yeni barrikada qurduğunu bildirib. Polisdən verilən açıqlamada bildirilir ki, cinayətkar qruplar ölkənin şimalında gecə boyu barrikadalar quraraq hərəkət azadlığının qarşısını almağa davam edir. Rəsmi məlumata görə, ağır maşınların olduğu daha iki barrikada qurulub.
Avropa İttifaqı (Aİ) və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin ölkə ərazisində hərəkəti məhdudlaşdıran barrikadaları aradan qaldırmaq çağırışlarına baxmayaraq, serblər Mitrovitsanın şimalında və Zveçanda Bosniya məhəlləsi yaxınlığında yeni barrikadalar qurublar. Şimali Mitrovitsadakı Bosniya Məhəlləsi serblərin, albanların, bosnakların və türklərin bir yerdə yaşadığı çoxmillətli məhəllə kimi tanınır. Məhəllədən keçən yol barrikadalar qurulmamışdan əvvəl Mitrovitsanın şimalını və cənubunu birləşdirirdi.
Kosovo Baş naziri Albin Kurti barrikadalar bir neçə günə aradan qaldırılmasa, bunun Kosovo polisi tərəfindən ediləcəyini açıqlayıb. Bundan əlavə, mətbuatda Kosovo polisinin dünən fövqəladə tender proseduru ilə 40 tona qədər ağır yüklərin qaldırılması üçün özəl şirkətlə avadanlıq icarəsi müqaviləsi imzaladığı bildirilir.
Keçmiş serb polisi Deyan Pantiçin saxlanılmasından sonra Kosovo ilə Serbiya arasında gərginlik artıb. Pantiçin saxlanmasına reaksiya verən Kosovo serbləri dekabrın 10-dan Jarinje və Bernjak sərhəd keçidlərində qurduqları barrikadalarda keşik çəkirlər. Aİ, NATO və ABŞ gərginliyi azaltmağa və Kosovonun şimalındakı barrikadaları aradan qaldırmağa çağırıb.