NATO Kosovoda gərginliyin azaldılmasına çağırdı
Son günlər gərginlik yenidən artdığı üçün NATO Kosovoda gərginliyin azaldılmasına çağırıb.
AFN.az xəbər verir ki, NATO-nun sözçüsü Oana Lunqesku Kosovanın şimalında əsasən serblərin yaşadığı Leposaviç, Zveçan və Zubin Potok bələdiyyələrinə polis yerləşdirilməsindən sonra gərginliyin artması ilə bağlı açıqlama verib.
“Biz Kosovodakı qurumları dərhal gərginliyi azaltmağa, tərəfləri isə vəziyyəti dialoq yolu ilə həll etməyə çağırırıq”, - Lungesku bildirib.
Lungesku vurğulayıb ki, NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) təhlükəsizliyi təmin etmək üçün hazır vəziyyətdədir.
KFOR-dan verilən açıqlamada Kosovonun şimalındakı vəziyyətin yaxından izləndiyi və gərginliyin artmasına səbəb ola biləcək bütün birtərəfli addımların pisləndiyi bildirilib: "Birinci prioritetimiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının verdiyi səlahiyyətlə təhlükəsiz mühit təmin etməkdir".
Qeyd edək ki, Kosovonun şimalında əsasən serblərin yaşadığı Leposaviç, Zveçan və Zubin Potok bələdiyyələrində polis təyin edilməsinə qarşı çıxan Kosovo serbləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub.
Kosovo polisindən verilən açıqlamada, aprelin 23-də müvafiq bələdiyyələrdə keçirilən yerli seçkilərdə qalib gələrək vəzifələrinə başlayan bələdiyyə sədrlərinin rəsmi binalara girməsinə kömək etmək üçün təhlükəsizlik qüvvələrinin təyin edildiyi bildirilib.
Kosovo serblərinin polis təyinatına qarşı çıxaraq bələdiyyə binaları qarşısında toplaşması nəticəsində başlayan hadisələrin davam etdiyi, serblərin Kosovonun şimalına gedən yolları barrikadalarla bağladığı iddia edilib.
Serbiya prezidenti Aleksandr Vuçiçin orduya “hazır olun” əmri verdiyi və ordunun üzvlərinin Kosovo sərhədinə doğru hərəkət etdiyi bildirilib.