Canımıza qəsd edən dərman mafiyasının əsas fiquru - Kəmaləddin Qafarov


Son günlər dərmanların qiymətinin baha olması ilə bağlı narazılıqlar artmaqdadır. Havaların qeyri-sabit keçməsi nəticəsində xəstəliklər də artmaqdadır. Xəstəliklərin artması isə təbii olaraq dərmanlara ehtiyacı artırır. İnsanlar dərmanların qiyməti ilə yanaşı, keyfiyyətsizliyindən də şikayətçidirlər. Həmsöhbət olduğumuz şikayətçilər bildirirlər ki, bir xəstəlik üçün bir neçə həkimə müraciət edirlər, hərəsi də bir resept yazır.


“Yazılan dərmanların nə qiyməti qiymət deyil, nə keyfiyyəti keyfiyyət. Uşaqlar noyabr ayından xəstədirlər, 3 dəfə həkimə müraciət etmişik, hərəsi 80-100 manatlıq resept yazıb. Hər birini alıb etmişik, amma xəstəlik uşağın canından tam çıxmayıb. Düzdür, həkimlər deyirlər ki, xəstəliyin xüsusiyyəti budur, uzun çəkir, amma mən düşünürəm ki, burada dərmanların keyfiyyəti də rol oynayır. Üstəlik, məni narahat edən uşaqlarıma bu qədər dərmanı verməyə məcbur olmağımdır. Aydın məsələdir ki, hər bir dərmanın yan təsirləri də var, xüsusilə də keyfiyyətsiz dərmanların bu təsirləri daha ciddi olacaq” – deyə Səidə İsmayılova AFN.az-a bildirib.
Bəs bu dərmanları ölkəyə gətirən, vətəndaşlara satan kimlərdir? AFN.az bu istiqamətdə kiçik bir araşdırma aparıb. Daha doğrusu, xatırlatma edərək, sizlərə dərman mafiyasından milyonlar qazanan şəxslərdən birini təqdim edirik – Kəmaləddin Qafarov. O, parlamentin deputatıdır. İş adamıdır. İqtisadiyyatın ən müxtəlif sahələrində biznesi var. Lakin əsas fəaliyyət istiqaməti əczaçılıqdır. Bu sahədəki biznesinə dərman firmaları, apteklər, klinikalar və depolar daxildir. Milli Məclisdəki fəaliyyəti ilə yanaşı həm də Milli Onkologiya Mərkəzinin direktor müavini olan K.Qafarovun ən böyük dərman firması “AzəriMed” MMC şirkətidir. Dövlətin Onkologiya Mərkəzinə ayırdığı 20 milyon manatı özünün “AzəriMed” şirkətinə verməsi bir müddət müzakirə edilən əsas məsələlərdən biri idi. Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki "Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkəboyu şəbəkələşmiş "Zəfəran” apteklərini və "Zəfəran Hospital”ı idarə edir. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu Canliya Qafarova Rəhim qızıdır.
Bundan başqa K.Qafarovun ailəsinə məxsus "Kanon”MMC də var. Bu şirkət üzərindən Qafarovlar ailəsi “Kanon” apteklər şəbəkəsinə sahibdir. Apteklərin yerləşdiyi ünvanlar demək olar ki, bütün ölkə ərazisində mövcuddur.
K.Qafarov həmçinin ”Shafran” MMC-nin də dolayısı ilə sahibidir. Şirkətin qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovdur.
"Avestafarm” MMC, "Naturalist” fərdi firması da deputatın dərman biznesinə aid şirkətlərdir. İkincinin qanuni təmsilçisi K.Qafarovun qardaşı Cəlaləddin Qafarovdur. Əczaçılıq sahəsində fəaliyyət göstərir, ayrıca apteklər şəbəkəsi var.
Biznesmen deputat bunlarla kifayətlənməyib, xaricdə də dərman biznesinə girişib. Belə ki, ona məxsus olduğu bildirilən “Helios Pharma” LTD qonşu Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. Şirkət Tiflisin İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatdadır, Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur.
Gördüyünüz kimi, biznesilə mandat alıb, mandatı ilə biznesini qoruyan deputat bizim, övladlarımızın canına qəsd edən əsas fiqurlardandır. Bütün bunlarla bağlı ondan rəy almaq isə müşkül məsələyə çevrilib. Bundan əvvəlki yazılarımızda da dəfələrlə zəng etsək də, telefona cavab verməyən deputatın mövqeyini dərc etməyə hazırıq.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu