Vardanyandan Laçın yolu ilə bağlı etiraf: “Çox incə formada istifadə etməliyik”
Erməni separatçı, milyarder Ruben Vardanyan sosial şəbəkədəki səhifəsindən paylaşdığı ermənicə müraciətində Laçın yolunun blokadada olmadığını etiraf edib.
O, müraciətində bildirib ki, onlar Laçın yolu vasitəsilə qida, dərman əldə edə bilirlər:
SİTAT: "Bəli, bu vəziyyət 100 faizlik bir vəziyyət deyil. (blokada nəzərdə tutulur) Bizim "həyat yolumuz" var ki, onlar bizə imkan verir ki, az miqdarda dərman əldə edək, az miqdarda qida əldə edək. Bu yaradılmış imkandan çox incə formada istifadə etməliyik. Bu imkanın şəxsi maraqlar üçün istifadə edilməsini qəbuledilməz hesab edirəm".
Blokadanın olmadığını onsuz da hamımız görürük. Bütün günü Xankəndinə "acından" rəqs edən ermənilərin əslində, heç bir blokadada olmadığını ara sıra özləri də bilərəkdən və ya bilmədən etiraf edirlər. Vardanyan da bu çıxışı ilə etiraf edib ki, ermənilər heç bir blokadada deyil.
Bundan əlavə Rusiya sülhməramlı kontingetinə məxsus onlarla avtomobil hər gün Xankəndi-Laçın yolu ilə sərbəst hərəkət edir və bu, Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu bir daha sübut edir. Ermənistandan fərqli olaraq Azərbaycan heç bir qanunsuz addım atmır. Öz ərazisində öz yoluna nəzarət edir. Bu isə Azərbaycanın tam hüququdur. Ermənilərin yalançı hay-həşirinə isə artıq heç kim inanmır.
Onu da qeyd edək ki, bu gün Laçın yolundakı aksiyanın 29-cu günüdür. Hava şəraitində asılı olmayaraq hazırda da Laçın yolunda dinc aksiya davam etməkdədir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 27 gündür davam edir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Musavat.com