İran hakimiyyəti hicab qaydalarını sərtləşdirdi - Ölkədə qarşıdurma dərinləşir
Yanvarın 16-da İranda hicaba və insan haqlarının pozulmasına qarşı etirazların dörd ayı tamam olacaq. Ancaq molla rejimi qadın azadlığı və məcburi baş örtüsü məsələsində güzəştə getmək istəmir. Bu isə İranda siyasi qarşıdurmanın artacağından xəbər verir.
AFN.az-ın məlumatına görə, İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri polis qüvvələri və başqa əlaqədar dövlət qurumlarına məcburi hicab qaydalarını riayət etməyənlərə qarşı sərt və kəskin tədbirlərin görülməsi barədə göstəriş verib.
Qeyd edək ki, Baş prokurorun müavini Əbdülsəməd Xürrəmabadi yanvarın 10-da mediaya verdiyi açıqlamada bu barədə danışıb və bununla yanaşı, Məhkəmə Sisteminin sədri Qulamhüseyn Möhsüni Ejeinin də məsələ ilə bağlı əlavə tapşırıqlar verdiyini deyib.
Qulamhüseyn Ejei ölkə prokurorları, eləcə də Ümumi və İnqilab Məhkəmələrinə göndərdiyi sərəncamda məcburi hicabla bağlı qaydalara əməl etməyənlərə qarşı əlavə cəzaların tətbiq edilməsini istəyib.
Sərəncamda hicab qaydalarını pozanlara qarşı cərimədən başqa, 6 ay müddətinə ölkədən çıxışa qadağa, işdən çıxarılma, sürgün, dövlət işlərindən uzaqlaşdırma və başqa bu kimi cəzaların verilməsi tələb olunub.
M.Vahidli