Türkiyənin müdafiə sənayesindəki yenliklər dünya mətbuatının gündəmində
Almaniyada çıxan "Die Welt" qəzeti Türkiyənin güclənən müdafiə sənayesi haqda yazı yayımlayıb.
“Türkiyənin silahlanma gücünün heyrətamiz yüksəlişi” sərlövhəli xəbərdə Türkiyənin iddialı yenidən silahlanma planı həyata keçirdiyi bildirilib. Xəbərdə Türkiyənin Almaniya ilə bu mövzuda yaşadığı pis təcrübələrdən sonra müdafiə sənayesində özünü təmin etməyə günü-gündən yaxınlaşdığı qeyd edilib.
Yazıda qeyd edilir ki, Türkiyə 20 il əvvəl Almaniyanın "Krauss-Maffei Wegmann" (KMW) və "Rheinmetall" müdafiə şirkətlərindən 1000 ədəd "Leopard 2" döyüş tankı sifariş etmək istəyib, lakin 7 milyard avroluq razılaşma heç bir nəticə verməyib. "Prezident Rəcəb Tayyib Ərdoğan bunun əvəzinə Türkiyənin özünü təmin edən ölkə olmasını istəyir. Silah idxalına bel bağlamaqdansa, özünün güclü müdafiə sənayesini qurur. Buraya dronların, tankların, döyüş təyyarələrinin, haubitsaların və döyüş gəmilərinin istehsalı daxildir” - deyə məqalədə vurğulanır.
Oxşar mövzuda daha bir yazı Çinin aparıcı qəzetlərindən olan “People's Daily”də dərc edilib. Məqalədə Türkiyə istehsalı olan döyüş təyyarəsi haqda geniş məlumata yer verilib. “Türkiyənin beşinci nəsil döyüş təyyarəsi debüt etdi” başlıqlı xəbərdə yeni nəsil döyüş təyyarəsinin öz həmyaşıdlarından xeyli irəlidə olduğu yazılıb. Türkiyənin inkişaf etdirdiyi pilotsuz uçuş aparatlarına gəlincə, “Türkiyə beşinci nəsil döyüş təyyarələri ilə SİHA-nın birləşməsi ilə həm insanlı, həm də pilotsuz hava döyüş sistemi yaratmaq istəyir” - ifadəsi işlədilib.