Bəxtiyar Hacıyevdən xəbər var: aclığı davam etdirəcək
Yanvarın 10-da vəkilləri ictimai fəal Bəxtiyar Hacıyevlə görüşüblər.
Zibeydə Sadıqova və Bəxtiyar Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasında baş tutan görüşün təfərrüatlarını “Amerikanın səsi” nə açıqlayıb: “Mən, digər vəkil Bəxtiyar Hacıyev ictimai fəal Bəxtiyar Hacıyevlə görüşmüşük. O bildirdi ki, yanvarın 10-da səhər saat 10:00-dan Bakı İstintaq Təcridxanasının rəhbərliyinə ərizə ilə müraciət edib. Bildirib ki, aclıq aksiyasına başlayıb. O dedi ki, keçən dəfə 14 günlük aclıq etmişdi. Bədəni hələ də tam bərpa olunmadan yenidən aclıq edir. Bəxtiyar Hacıyevın səhhətində problem olduğu hiss olunurdu. Ayaq üstə çox dayana bilmir. Başı fırlanır. Ayaqları əsir. Özünün qanunsuz həbs olunmasına etiraz olaraq aclıq edir. Onun aclığı dayandırmaq fikri yoxdur. Keçən dəfə aclığı dayandırmışdı. Ümid edirdik ki, onun qanunsuz həbsinin qarşısı alınacaq və ədalətli qərarlar qəbul olunacaq. Amma çox təəssüf ki, o, məhkəmədən bunu görmədi. Mən və digər vəkil israr etdik ki, o, aclığı dayandırsın. Lakin o bildirdi ki, aclıq aksiyasını dayandırmayacaq. Nahaq yerə ondan bunu istəməyək. Aclığı axıra qədər davam etdirəcək”.
Xatırladaq ki, yanvarın 9-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı şikayətə baxılıb. Hakim Habil Məmmədovun sədrliyi ilə qapalı keçirilən məhkəmə iclasında Bəxtiyar Hacıyev özü də iştirak edib.
Apelyasiya şikayəti Xətai Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarından verilib. Bəxtiyar Hacıyevin vəkilləri onun ev dustaqlığına buraxılması üçün bu məhkəməyə vəsatət vermiş, lakin hakim Sülhanə Hacıyeva vəsatəti təmin etməmişdi.
İctimai fəal apelyasiya məhkəməsindəki çıxışında bildirib ki, o, dekabrın 15-dən başladığı aclığı ayın 28-də dayandırmaqla ona qarşı qərəzin dayandırılması üçün qarşı tərəfə imkan yaradıb. Onun sözlərinə görə, o vaxtdan ötən müddət göstərdi ki, qarşı tərəf qərəzindən əl çəkmək niyyətində deyil: “Ona görə bu məhkəmə də şikayətimizi təmin etməsə, yenidən aclığa başlayacağam. Çünki mənə qarşı qərəz davam edir. Bu dəfə aclığı sona qədər davam etdirəcəm”.
Bəxtiyar Hacıyev bildirib ki, ona qarşı irəli sürülmüş məhkəməyə hörmətsizlik, xuliqanlıq ittihamları absurddur. Onun sözlərinə görə, əsl məhkəməyə hörmətsizlik onun barəsində çıxarılan qərarlarıdır.
İctimai fəal barəsindəki yüngülləşdirici hallardan da danışıb: “Mənim azyaşlı pişiklərim var. Məsələn, himayəmdə 6 pişiyim var. Üçü südəmərdir...”
Məhkəmədə iştirak edən müstəntiq Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasına etiraz edib və apelyasiya şikayətinin təmin olunmamasını istəyib.
Hakimlər də qısa müşavirədən sonra apelyasiya şikayətinin təmin olunmadığını açıqlayıb.
Bundan sonra Bəxtiyar Hacıyev yenidən aclığa başladığını, bu dəfə sona qədər davam edəcəyini bildirib.
Bu arada Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc məlumat yayıb ki, ictimai fəalın ailə üzvləri ilə görüşünə icazə verilib. Məlumata görə, artıq o, bir dəfə Yeni il bayramı ərəfəsində anası ilə də görüşüb.
Qeyd edək ki, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunan B.Hacıyevin həbsindən bir ay ötür. O, həbsdə bu müddətdə 2 həftə aclıq edib. Vəkilləri tərəfindən bir neçə dəfə ev dustaqlığına buraxılması üçün vəsatətlər verilsə də, məhkəmələr vəsatətləri təmin etməyib. B.Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.