ABŞ mediası: Ağ Ev Konqresdən F-16-ların Türkiyəyə satışını təsdiqləməsini istəyəcək
ABŞ mediası Bayden administrasiyasının Konqresdən F-16-ların Türkiyəyə satışını təsdiqləməsini istəyəcəyini iddia edib. Bildirilir ki, Konqresin təsdiqi Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən asılıdır.
“Ağ Ev F-16-ların Türkiyəyə satışını gələn həftə Konqresə təqdim edəcək”. AFN.az xəbər verir ki, bu iddia ilə Amerikanın "Wall Street Journal" qəzeti çıxış edib. Bildirilir ki, Bayden administrasiyası Türkiyəyə 20 milyard dollarlıq yeni F-16 qırıcıları satmağa hazırlaşır. “The Wall Street Journal” bu xəbəri hökumət mənbələrinə istinadən yayıb. İddialara görə, ABŞ hökumətinin Konqresə təqdim edəcəyi paketə Türkiyənin hazırkı F-16 donanmasının 79-unun əsaslı təmiri üçün dəst və 40 yeni təyyarə daxildir.
Qəzetə açıqlama verən ABŞ rəsmiləri Konqresin təsdiqinin Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən asılı olduğunu bildiriblər. Eyni xəbərdə Bayden rəhbərliyinin Yunanıstana 30 ədəd F-35 təyyarəsi satışını Konqresə təqdim etməyə hazırlaşdığı da bildirilib. Qəzet bu satışın “F-16-ların Afinada Türkiyəyə satışına reaksiyaları yatıra biləcəyini” şərh edib.
Müqavilənin Konqresə təqdim edilməsi xarici işlər naziri Mövlud Çavuşoğlunun gələn həftə Vaşinqtona səfəri ilə eyni vaxta təsadüf edəcək. Türkiyəyə satışa həmçinin 900-dən çox hava-hava raketi və 800 bomba daxildir.