Azərbaycan ilə BƏƏ arasında fərqli sektorlar üzrə əməkdaşlığın inkişafı üçün böyük potensial var - deputat


Azərbaycan ilə BƏƏ arasında fərqli sektorlar üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Bu baxımdan, səfər zamanı keçirilən görüşlər və razılaşmalar da məhz bu potensialın daha yaxından istifadəsinə imkan yaradacaq.


AFN.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə etdiyi işgüzar səfəri dəyərləndirərkən bildirib. Onun sözlərinə görə, Prezidentin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək: "Azərbaycan ilə BƏƏ arasında son illər iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. İki ölkə arasında ticarət dövriyyəsinin artması fonunda sərmayə qoyluşlarında da yüksəliş var. 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 20.3 faiz artaraq 50.4 milyon dollara çatıb. 2022-ci il ərzində isə ticarət dövriyyəsində daha ciddi artımlar müşahidə olunub. Belə ki, bu ilin ilk 10 ayında ticarət dövriyyəsi 90.4 milyon dollara çatıb. Ötən ilin noyabr ayında daha 4.2 milyon dollarlıq ticarət nəticəsində ilk 11 ayında dövriyyə 94.6 milyon dollaradək yüksəlib. Ötən ilin ilk 11 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2021-ci ildəki illik dövriyyədən 87.6 faiz çoxdur. Bu isə münasibətlərin artan dinamikasını bir daha təsdiq edir".
V.Bayramov qeyd edib ki, BƏƏ Azərbaycanda xüsusi ilə bərpa olunan enerji sahəsində aktiv ölkələrdəndir: "Bu sahədə qarşılıqlı münasibətlərin daha da möhkəmlənəcəyi gözlənilir. Eyni zamanda, BƏƏ sahibkarlarının işğaldan azad olunan ərazilərimizdə sərmayə qoyluşlarında iştirakı da vacib istiqamətlərdəndir. Bütövlükdə, körfə ölkələrindən Qarabağ və Şərqi Zəngəzura daha çox sərmayənin cəlb edilməsi prioritetdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu