ABŞ-dan "Qlobal maliyyə böhranı" siqnalı: Fövqəladə tədbirlər görülür, lakin zəmanət yoxdur


İqtisadiyyatla bağlı diqqətçəkən proqnozlar verən ABŞ-ın maliyyə naziri Janet Yellen ABŞ iqtisadiyyatında tənəzzülün qlobal maliyyə böhranına səbəb olacağını bildirib.


AFN.az xəbər verir ki, Janet Yellen CNN-ə müsahibəsində fövqəladə tədbirlər görülsə də, onlar üçün heç bir təminat olmadığını bildirib.

Keçmiş FED sədri, iqtisadçı Janet Yellen qlobal iqtisadi tarazlıqlarla bağlı başqa təəccüblü açıqlamalar da verib. O, bəyan edib ki, borc limiti artırılmasa, ABŞ-ın defoltu qlobal maliyyə böhranına səbəb ola bilər və ABŞ dollarının ehtiyat valyuta roluna xələl gələ bilər. Yellen federal hökumətin ABŞ-da 31,4 trilyon dollarlıq borc limiti ilə bağlı ABŞ Maliyyə Nazirliyinin fövqəladə tədbirlər həyata keçirməyə başladığını, bu tədbirlərin iyunun əvvəlinə qədər davam edəcəyini, lakin hələ də zəmanət verilmədiyini bildirib.

ABŞ-ın mümkün defoltunun nəticələrini qiymətləndirən Yellen, "Şübhəsiz ki, ABŞ iqtisadiyyatında tənəzzülə və qlobal maliyyə böhranına səbəb ola bilər. Bu, mütləq dolların ehtiyat valyuta rolunu zəiflədəcək" - deyə vurğulayıb.

Yellen borc limitinin artırılmasını “müzakirə edilə bilməyən məsələ" adlandırıb: "Amerika vaxtı çatan bütün hesabları ödəyən etibarlı borclu olmalıdır və Konqres bunun üçün bir yol tapmalıdır. Keçmişdə həmişə belə olub". Ölkədəki yüksək inflyasiyaya toxunan Yellen bildirib ki, inflyasiya ilə mübarizədə əldə etdikləri irəliləyişlər onu ruhlandırır.

Federal Ehtiyat Sisteminin müstəqil olduğunu və siyasətlərini şərh edə bilməyəcəyini vurğulayan Yellen bildirib: "Məncə, onlar güclü əmək bazarını qorumaq və eyni zamanda inflyasiyanın aşağı düşməyə davam etməsini təmin etmək üçün lazım bildiklərini etməyə çalışırlar".

Bu həftə Çinin xarici ticarət və beynəlxalq iqtisadi əlaqələrdən məsul baş nazirinin müavini Liu Hı ilə görüşü dəyərləndirən Yellen qeyd edib ki, dünyanın iki ən mühüm iqtisadiyyatı qlobal əhəmiyyətli məsələlər, o cümlədən iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq etmək məsuliyyəti daşıyır: "Biz əməkdaşlığımızı və qlobal çağırışların öhdəsindən gəlmək üçün birlikdə çalışmaq əzmini müzakirə etdik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu