Şeyx Heydərə qənim kəsilən nazirlər: Əbülfəs Qarayev və Anar Kərimov
Səfəvi təriqətini rəhbəri, Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı Şeyx Heydərin abidəsi məhv edilib.
AFN.az xəbər verir ki, bununla bağlı tarixçi alim, dosen Zaur Əliyev məlumat verib. O bildirib ki, keçmiş mədəniyyət nazirləri Əbülgəs Qarayev və Anar Kərimov Şeyx Heydərin abidəsinin məhv edilməsinə göz yumublar. Tarixçi alimin sözlərinə görə, türbə Siyəzən rayonu, qədim Şıxlar qalıqlarından 200 metr qərbdə köhnə kənd qəbirstanlığının içərisindədir: "Abidə, demək olar ki, uçulub dağılıb, ortada qəbir və qəbrin ətrafında yerli daşlardan hörülmüş bir metr hündürlüyündə türbə divarları qalıb. Azərbaycanda bəzi nadürst insanlar türbənin ön və arxa hissəsində naməlum şəxslər tərəfindən qanunsuz qazıntı işləri apardıqları üçün abidə lap yararsız hala düşüb. Bu türbənin tikilməsinin də qəribə tarixi var. Şah İsmayıl döyüşlərdə öldürülüb, başı kəsilən atası Şeyx Heydərin məzarını uzun zaman axtardıqdan sonra burda tapıb və atasının məzarı üstündə türbə tikdirib.
Azərbaycan tarixşunaslığında Şeyx Heydərin Şahdağ yaxında öldürüldüyü qeyd olunur. Lakin bəzi yerli rəvayətlərə görə, o, döyüşdən yaralı qayıdarkən Beşbarmaq yaxınlığında vəfat edib və vəfat etdiyi yerdə də dəfn olunub. Məhz dəfn olunduğu yerdə sonralar onun müridlərindən 7 ailə məskən salıb və şeyxin məzarı üzərində inşa edilmiş türbədə xidmətlərini davam etdiriblər. Qədimdə bu ərazidə mövcud olmuş Təkəli və Şıxlar kəndləri məhz həmin ailələr tərəfindən salınmış hesab olunur. Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçub. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunub".
Qeyd edək ki, bəzi mənbələr Şeyx Heydərin cənazəsinin XVI əsrdə Ərdəbilə aparılaraq Şeyx Səfiəddin kompleksində, bir ehtimala görə isə Ərdəbilin Meşkinşəhr (tarixi adı Xiyov) şəhərindəki məqbərədə torpağa tapşırıldığını yazırlar. Lakin əsas Şeyx Heydərin harda dəfn edilməsi deyil, Şah İsmayıl Xətai tərəfindən tikilən türbənin bugünkü vəziyyətidir. Z.Əliyev bildirib ki, Səfəvilərin dövründən qalan bu türbə qorunan abidə kimi siyahıya alınsa da, burada türbəninin təmiri bir tərəfə, ətrafı belə qaydasına salınmayıb: "İnsanlar üç əsrdən çoxdur buranı ziyarət edir, dualar edirlər. Ziyarətgaha epilepsiya xəstəliyi olan insanlar gedirlər. Ziyarətgaha gedənlər özləri ilə keçi aparıb kəsirlər və adamlara paylayırlar. Azərbaycan tarixini sevmirsiz, abidələri bərpa etmək istəmirsiz. Siyəzən İcra hakimiyyəti buranı görməzdən gəlir, bələdiyyə buranı görməzdən gəlir, Nazirlik buranı görməzdən gəlir, hər kəs buranı görməzdən gəlir. Bəs Azərbaycan tarixinin ən önəmli şəxsiyyət Şah İsmayıln atasının ruhuna, adına, türbəsinə belə soyuqluq, etinaszılıq nəyə lazımdır axı?"
Tarixçi alim üzünü Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə tutub "biz buranı qeydiyyata almışıq, ay investisiya layihəsinə əlavə etmişik" kimi cavab verməməyə çağırıb: "Bu xalqın mədəni tarixini, dövlətçilik tarixini üstünə adi yazı yazmaqla qorumaq olmaz. Onsuz da bizi tarixi düşmənlər məhv edir, siz də onlara yardım etməyin!" Z.Əliyevin sözlərinə görə, Azərbaycanda iki cürə belə türbə var. Onlardan biri də Xızı rayonunun Tıxlı kəndi ərazisində yerləşir. "Amma qaynaqlar Siyəzən rayonu, qədim Şıxlar qalıqlarından 200 metr qərbdə köhnə kənd qəbirstanlığının içərisində olduğunu yazır. Bunu da siz aydın etməlisiz" - deyə o qeyd edib.