35 yaxınım həyatda deyil - Hatay Azərbaycan Evinin rəhbəri
“Hatayda ən faciəli hal Antakya, İskəndərun, Samandağ şəhərlərindədir. Çox dəhşətli vəziyyətdir, 35 yaxınım artıq həyatda deyil”.
Bu fikirləri ”Report”un Ankara bürosuna Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür deyib.
Onun sözlərinə görə, artıq Hatayda Antakya adlı bir şəhər yoxdur:
"Vəziyyət çox acınacaqlıdır, şəhərin yarıdan çoxu dağıntılar içindədir. İskəndərunda da vəziyyət çox faciəlidir. Samandağ şəhərinin isə 90 faizi dağılıb. Tarixi, turistik yerlərimiz məhv olub”.
Başar Kömür bildirib ki, Hatayda dağıntı ərazisi çox böyükdür:
“Hazırda insanlara dəstək məqsədilə Arsuz otelləri olan yerə gəlmişəm. Otellər yerlə bir olub. Çox dəhşətli vəziyyətdir, 35 yaxınım artıq həyatda deyil (ağlayır). Mən Hatayın Ərzin şəhərində yaşayıram. Həyatımızı çadırlarda davam etdirmək məcburiyyətindəyik, amma göstəriş verildiyi üçün bu gecə buranı da tərk etməliyik".