İran istehsalı olan ilk təyyarə yaxın həftələrdə havaya qalxacaq
İran Mülki Aviasiya Təşkilatı yaxın həftələrdə yerli istehsal olan təyyarənin ilk uçuşu üçün planlarını açıqlayıb.
AFN.az Tasnim-ə istinadən xəbər verir ki, qurumun baş direktoru Məhəmməd Məhəmmədibəxş ölkənin sərnişin təyyarələrinin istehsalında irəlilədiyini bildirib. Onun sözlərinə görə, təyyarənin istehsalı ilə bağlı məsuliyyəti Müdafiə Nazirliyi öz üzərinə götürüb, prosesə isə Mülki Aviasiya Təşkilatı nəzarət edir. "İran-140" təyyarəsinin yeni platformasının istehsalının birinci mərhələsi başa çatıb. Məhəmmədibəxş bildirib ki, İran təyyarəsindən sərnişin daşımaqdan başqa müxtəlif məqsədlər üçün istifadə planları yekunlaşıb. “Biz güman edirik ki, İran-140 təyyarəsinin yeni platforması bu ilin sonuna kimi ilk uçuşunu həyata keçirəcək. Cari İran ili martın 20-də başa çatacaq" - deyə təşkilat rəhbəri bildirib.
Məhəmmədibəxş onu da qeyd edib ki, İranda 330 sərnişin təyyarəsi var, onlardan yalnız 175-i istismardadır. "İranın 90 hava limanının və 80 milyondan çox əhalisinin olduğunu nəzərə alsaq, ölkənin ən azı 550 müxtəlif tipli və sinifli təyyarələrə ehtiyacı var".