Zelenski Çin prezidentini Ukraynaya dəvət edib
Ukrayna prezidenti Vladimir Zelenski Çin lideri Si Cinpini Ukraynaya dəvət edib.
AFN.az xəbər verir ki, bu barədə dövlət başçısı "Associated Press" agentliyinə müsahibəsində bildirib. O, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Çin lideri ilə əlaqə saxlamadığını deyib. "Biz onu burada görməyə hazırıq. Onunla danışmaq istəyirəm. Onunla genişmiqyaslı müharibədən əvvəl əlaqə saxlamışdım. Amma bütün bu il, bir ildən çox müddət ərzində heç bir əlaqəmiz olmayıb", - deyə Ukrayna prezidenti bildirib.
Xatırladaq ki, martın 20-də Çin lideri Si Cinpin Moskvaya rəsmi səfər edib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Çin liderinin bu səfəri fonunda Si Cinpinin Vladimir Zelenski ilə danışa biləcəyi barədə məlumatlar ortaya çıxıb. Lakin sonradan Ukrayna Prezident Administrasiyası iki dövlətin rəhbərlərinin görüşü ilə bağlı müzakirələrin təşkilində müəyyən çətinliklər olduğunu açıqlayıb.