Jerar Depardye yenə təcavüzdə ittiham edilir
74 yaşlı fransız aktyor Jerar Depardye yenidən cinsi təcavüzdə ittiham olunub. Bir müddət əvvəl aktrisalardan birinin iddiası ilə baş verən səs-küylü zorlama işindən sonra bu dəfə nə az, nə çox, 13 nəfər qadın 2004-2022-ci illər arasında film çəkilişləri zamanı məşhura qarşı cinsi qısnama ittihamı irəli sürüb.
AFN.az xəbər verir ki, bu barədə Fransanın “Médiapart” nəşri məlumat yayıb. Fransa mətbuatı hazırda zərərçəkmişlərlə bağlı daha geniş məlumat toplayır. Nəşr qeyd edir ki, Jerar Depardyenin üzərində işlədiyi 11 filmin çəkilişləri zamanı baş verdiyi iddia edilən hadisələrlə bağlı, hazırda yalnız üç nəfər məhkəməyə müraciət etməyə cəsarət edib. "Çünki qızlar karyeraları üçün mümkün nəticələrdən qorxurlar" - deyə "Mediapart"da gedən materialda bildirilir.
Xatırladaq ki, bundan əvvəl, 2021-ci ildə Paris prokurorluğu 2018-ci ildə fransız aktrisa və rəqqasənin ifadəsindən sonra Jerar Depardyeni zorlama və seksual qısnama ittihamları ilə istintaqa cəlb edib. Adı açıqlanmayan 22 yaşlı qız o zaman iddia edirdi ki, aktyorun "qeyri-rəsmi məşqlərdə" iştirak etdiyi Fransadakı evində iki ayrı cinsi təcavüz hadisəsi baş verib. Depardye hər hansı zorlama ilə bağlı ittihamı tamamilə rədd etdi. Sonradan məlum olub ki, Depardyeyə qarşı zorlama iddiaları ilə bağlı ilkin istintaq dəlil çatışmazlığı səbəbindən 2019-cu ildə dayandırılıb, lakin 2020-ci ilin yayında bərpa edilib və bu, cinayət işinin başlanmasına səbəb olub. Beləliklə, bu istintaqa Depardyenin əməllərindən əziyyət çəkən daha 13 qadının hekayəsi əlavə edilib.
Mediada yazılanlara görə, qadınlar arasında həm aktrisalar, həm də müxtəlif kino istehsallarının texniki heyətinin üzvləri var. Onların hamısı Depardyenin iddia edilən metodu ilə bağlı oxşar iddialar irəli sürüb. Bundan əlavə, qadınlar bəzi hücumların ictimai yerlərdə baş verdiyini bildirirlər. Zərərçəkən tərəfin dediyinə görə, 74 yaşlı aktyor onlara müəyyən hərəkətlər edərkən, etiraz etmələri onu daha da aqressiv edib. "Jerar xəbərdarlıq etmədən əlini paltarımın altına qoydu. Hiss etdim ki, barmaqları alt paltarıma girməyə çalışırdı. O, mənə toxunmağa çalışdı". Bunu "Böyük ev" filminin çəkilişi zamanı cinsi qısnamaya məruz qalan qadın deyib.
Depardye vəkilləri vasitəsilə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Xatırladaq ki, 2013-cü ildə Jerar Depardye Fransada zənginlər üçün yüksək vergilərə etiraz olaraq Rusiya vətəndaşlığını qəbul edib. O, bir müddət Saranskda yaşayıb, sonra Novosibirskdə ərzaq ticarəti etmək qərarına gəlib. Aktyor Əlcəzairə köçmək qərarına gəlib, eyni zamanda Belçika vətəndaşlığı da var.
Jerar Depardye Rusiya təcavüzünə verdiyi dəstəyə görə Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin “qara siyahısı”na düşüb.