Uşaqlarda bu hal vitamin çatışmazlığı deyil - həkimdən mühüm AÇIQLAMA
Bir çox uşaqların dırnaqlarının kənarında dəri soyulur. Valideynlər bunun hər hansı vitamin azlığı ilə bağlı olduğunu düşünür. Lakin bu vitaminsizlikdən deyil.
AFN.az xəbər verir ki, bu haqda pediatr Aytən İsmayzadə özünün sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, bu, kutikula adlanan dırnaq kənarı dərinin nazik olması və dırnağa yapışıq olması ilə əlaqəlidir: "Dırnaq uzandıqca kutikula da dartılır və nazik olduğu üçün bəzi yerlərdən zədələnir. Bu zədələnmə səthi və ya dərin ola bilir. Həm də uşaqların əlləri ora-bura çox dəyir və nazik kutikula tez zədələnir. Uşaqlar özü də didərək bu zədələnməni artıra bilir. Profilaktika üçün hər axşam yatanda barmaq kənarlarına vazelin, badam yağı ya kokos yağı çəkmək olar. Aevit krem də yaxşıdır. Zədələnməyə kənardan infeksiya düşərsə, dırnaq ətrafında qızarıqlıq, şişmə və ağrı olur. Bu zaman Levomikol və Vişnevski məıhəmləri yaxşı təsir edir. Yəni infeksiyalaşmanı yayılmağa qoymur. Dırnaq ətrafı zədələnmə qanama ilə olursa torpaqla təmasdan qaçınmaq lazımdır. Nəzərə alsaq ki çox uşaqların tetanusa qarşı peyvəndi yoxdur".
Vitamin azlığına gəldikdə isə A.İsmayılzadənin sözlərinə görə, əsasən də dəmir, A vitamininə bağlı problemlər özünü dırnaqlarda tezsınma, barmaq yastıqlarında ağrılı çatlar, dərinin dərin soyulması ilə göstərir: "Bu zaman həkim müayinəsi, dəmir deposunun analizi lazimdir. Bağırsaq muhitini düzəltmək, balıq yağı, vitamin kompleksi təyin olunur. Hazırda skarlatinanın son mərhələsi olaraq da barmaqlarda soyulma görülür. Onun bu dediklərimlə əlaqəsi yoxdur".