Paşinyan "iki od arasında" qalıb - ŞƏRH


Ermənistanın baş naziri Nikol Paşinyan bu gün verdiyi açıqlama ilə yenidən diqqət mərkəzindədir.


O, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıdığını bəyan edib. Eyni zamanda qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır. "Sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər" - deyə erməni baş nazir əlavə edib.

AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın açıqlamalarını şərh edib. Onun sözlərinə görə, erməni baş nazirin son çıxışı göstərir ki, o, Qərbin təkliflərini məqbul saymağa həvəslidir: "Nikol Paşinyanın beyni xeyli yüklənib. Tehran ona deyir ki, Zəngəzur dəhlizini açma, Azərbaycana müqavimət göstər, Kreml tələb edir ki, Avropa İttifaqı müşahidəçi missiyasını Ermənistandan çıxart və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasını təmas xəttində yerləşdir, ABŞ və Avropa təmsilçiləri isə Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımağa və bununla regional enerji və nəqliyyat layihələrində iştiraka dəvət edirlər. Nikol Paşinyanın son çıxışı göstərir ki, o amerikalı və avropalı nümayəndələrin təkliflərini məqbul saymağa həvəslidir. Elə ona görə də deyib ki, Azərbaycan bölgədə enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilib və bu amillə hesablaşmaq məcburiyyətindədir. Paşinyan Kreml və Tehranın təxribatçı dəstəyinə uymayaraq hərəkət etsə, sülhə yaxınlaşmaq mümkün olacaq. Əks halda, yəni o qərarsızlığını davam etdirsə, məsələ yenə uzanacaq və bu həm ona, həm də Ermənistana əlavə problemlər yaradacaq".

E.Şahinoğlu Paşinyanın "Ermənistanın inkişafının və ərazisinin genişlənməsinin başqalarına qarşı istifadəsiylə barışmayacaqlar" fikrinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, bu, Azərbaycanla bağlıdır: "Paşinyanın vəzifəsi xalqını Azərbaycanın ərazi bütövlüyünə və Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırlamaqdır. Əslində müharibədən məğlubiyyətlə ayrılan Paşinyana yenidən səs verən susqun çoxluq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa çoxdan hazırdır. İkinci fikri də reallığı əks etdirir ki, Azərbaycan Ermənistanın hərbi gücünün artmasının yenidən bizə qarşı istifadəsinə seyrçi qalmayacaq. Gərək Ermənistan Azərbaycan və Türkiyə ilə yazılı anlaşmalarla sülh əldə etsin ki, inkişafı ehtimalı heç kimə mane olmasın.
Nikol Paşinyan parlamentində ötənilki çıxışında da başqa bir etiraf etmiş, Ermənistanın Qarabağ yükünü daşımadığını bildirmişdi. Ancaq o, bu çıxışından sonra addım atmadı. İndi də lazımi sözlər deyib, bu dəfə də ardını gətirməsə, özünün də dediyi kimi, ölkəsi gərginlikdən qurtula bilməyəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu