Həmin qazinin ayağı amputasiya edildi... - Əlillik veriləcəkmi?


Bir neçə gün əvvəl sosial şəbəkələrdə ayağı yaralı olan qazinin çıxılmaz vəziyyəti, ona kömək lazım olması ilə bağlı video yayılmışdı. Orxan Quliyev adlı qazi halının hər gün daha da pisləşdiyini və müraciət etdiyi qurumlardan yardım ala bilmədiyini bildirirdi.


“Qafqazinfo” Sabirabadın Azadkənd sakini olan 23 yaşlı Vətən müharibəsi qazisi O.Quliyevi taparaq onunla həmsöhbət olub.

Məlum olub ki, Orxan 8 gün öncə ayağından əməliyyat olunub. Ayağının amputasiya edildiyini deyən qazi artıq tamamilə yeriyə bilmədiyini əlavə edib: “Hərbi xidməti bitirib evə qayıtmağıma 6 ay qalmış İkinci Qarabağ müharibəsi başladı. Ağdamda gedən döyüşlər zamanı ayağımdan qəlpə yarası alaraq Bakıya hospitala əməliyyata, 14 gündən sonra isə təkrar döyüşə göndərildim. Müharibədən sonra isə ayağımdakı şiş səbəbilə yatağa məhkum oldum.

Vəziyyətimlə bağlı ailəm dövlət qurumlarına müraciət etsə də, kömək edən olmayıb. Müalicə almağım üçün maddi durumum da yaxşı deyildi. Aprel ayının 20-də ayağımdan əməliyyat olundum. İndi yataqdayam. Nə gəzə bilirəm, nə də həkimin yazdığı müalicəni bundan sonra necə edəcəyimi... Əlillik verilməyib. Bundan başqa indi mənə protez ayaq da lazımdır”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Orxan Quliyevin sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən aprelin 18-də TƏBİB-in tabeliyindəki Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Milli Onkologiya Mərkəzinə göndəriş verilib. Vətəndaş Milli Onkologiya Mərkəzində əməliyyat olunub və ayağı amputasiya edilib.

Qeyd edək ki, Orxan Quliyevin xəstəliyi döyüş əməliyyatları ilə bağlı olmadığından ona qazi kimi “Forma 88” yazılması mümkün deyil. Eyni zamanda bildirək ki, vətəndaş tibb müəssisəsinə “Forma 88” üçün müraciət etməyib”.
Qaziyə əlilliyin verilib-verilməyəcəyi və protez ayaqla təminatı ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə də müraciət etdik. Qurumun mətbuat katibi Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, əlilliyin qiymətləndirilməsi tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə daxil edilən göndəriş (forma 88) əsasında həyata keçirilir: “Quliyev Orxan Cümşüd oğlu ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən həmin altsistemə göndəriş daxil edildikdə qiymətləndirmə aparılaraq ona əlillik təyin olunacaq. Orxan Quliyevin atası Cümşüd Quliyevlə əlaqə saxlanılıb və ona bu barədə məlumat verilib.

Onu da bildirək ki, əlilliyi müəyyən olunmuş şəxslər reabilitasiya xidmətləri və ehtiyac duyduqları reabilitasiya vasitələri ilə də təmin olunurlar”.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu