Qərb ölkələri ümumbəşəri dəyərləri məhv edir? - ŞƏRH


Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlaması bütün dünyanın prosesə bu və digər formada müdaxiləsinə səbəb oldu. Bir çox dövlətlər haqq savaşında Ukraynanın yanında yer aldılar. Xüsusilə dünyanın ən böyük hərbi ittifaqı olan NATO yüksək səviyyədə işğala məruz qalan dövləti müdafiə etmək üçün ciddi səy göstərir.


Belə bir məqamda 9 mayda Moskvada keçirilən paradda çıxış edərkən Rusiya prezidenti Vladimir Putin Qərbin Rusiyaya qarşı müharibəyə başladığını deyib. Kreml sahibinin təbirincə desək, Qərb ölkələri ümumbəşəri dəyərləri məhv edir. Elədirsə, Rusiya prezidenti başda olmaqla, bu ölkənin rəsmilərinin övladları niyə “lənətə gəlmiş” Qərb ölkələrində yaşayır, işləyir və övladlarını böyüdürlər? AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Putinin çıxışını şərh edib. Bildirir ki, Rusiya elitasının Qərbə üz tutmasının səbəbi onların Rusiyanın gələcəyinə inanmamasıdır: "Ona görə də ABŞ və Avropa ölkələrinə üz tutublar. Putinin 9 may paradında səsləndirdiyi “vətənə məhəbbətdən güclü heç nə yoxdur” sözlərinin onun və əsabələrinin övladlarına aidiyyatı yoxdur. Kreml sahibi yenə də deyib ki, Qərb Rusiyaya qarşı müharibəyə başlayıb. Rusiya Ukraynaya qarşı içğalçı müharibəyə başlamasaydı, Qərb niyə Rusiya ilə müharibəyə başlamalıydı ki? Qərb Rusiya ilə savaşmır, sadəcə işğala yol vermək istəməyərək Ukraynanın məğlubiyyətinin qarşısını almağa çalışır".
Putin çıxışında başqa diqqətçəkən fikir də səsləndirib. Bildirib ki, Qərb öz qaydalarını diqtə etmək üçün münaqişələri qızışdırmağa çalışır. E.Şahinoğlunun sözlərinə görə, Rusiya “öz qaydalarını” diqtə etməsəydi, bu gün Qarabağda münaqişə ocağı qalmayacaq, separatizmə son qoyulacaq və Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqdı. "Həmin gün onsuz da gələcək. Qərb mələk deyil, ancaq Rusiyanı idarə edənlər onlardan betərdir" - deyə politoloq fikrini yekunlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu