Nyu-York dünyanın ən çirkli havası olan şəhərlər siyahısına başçılıq edir
Nyu-York dünyanın ən çirkli havası olan şəhərlərin reytinqində birinci yeri tutub.
AFN.az xəbər verir ki, bu barədə dünyanın ən böyük şəhərlərində havanın keyfiyyətinin monitorinqini aparan IQAir beynəlxalq saytının məlumatında əksini tapıb. Kanadada baş verən yanğınlar səbəbindən Nyu-York Banqladeşin paytaxtı Dəkkə və Təl-Əvivi keçib.
Kanadadakı meşə yanğınları Nyu York, Vaşinqton, onların ətrafı və bəzi şimal-şərq ştatlarının sarımtıl-boz dumanla örtülməsi ilə nəticələnib. Nyu-York şəhərinin Səhiyyə və Psixi Gigiyena Departamentinin məlumatına görə, şəhərdə 1960-cı illərdən bəri ən pis hava keyfiyyəti qeydə alınıb. Bələdiyyə sədri Erik Adams isə vəziyyətin pisləşməyə davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Nyu-Yorkun LaGuardia Hava Limanı və Nyu-Cersidəki Newark Liberty Hava Limanı görmə qabiliyyətinin azalması səbəbindən uçuşları dayandırıb. Şəhər səlahiyyətliləri sakinləri küçədə maska taxmağa çağırır.
Kanadada meşə yanğınları həftələrdir davam edir. İyunun 6-na olan məlumata görə, 400-dən çox yanğın olub, onlardan 200-dən çoxu hələ də nəzarət altına alınmayıb. Yanğının söndürülməsi üçün qoşunlar cəlb edilib və zərərçəkənlərə yardım üçün ianə aksiyaları elan edilib.