Yaşlı qadının gözünə qaz sıxan polislə bağlı araşdırma aparılır - RƏSMİ
Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə etiraz edib.
AFN.az xəbər verir ki, kənd sakinlərinin etirazı polisin müdaxiləsi ilə yatırdılıb. Bu zaman baş verən hal - polis əməkdaşlarından birinin kənd sakinləri olan
yaşlı qadınların üzünə gözyaşardıcı qaz sızması videoya çəkilib və yayılıb. Görüntülər böyük narazılıqlara səbəb olub. Sosial şəbəkələrdə insanlar həmin polis əməkdaşının hərəkətinin polis adına və Azərbaycan mentalitetinə zidd olduğunu, ümumiyyətlə, insanlığa yaraşmayan əməl olduğunu bildiriblər. Onun tapılaraq cəzalandırılmasını tələb edən kifayət qədər ictimai fəal insanlar var.
DİN-in mətbuat xidmətindən verilən açıqlamada, həmin polis işçisi ilə bağlı araşdırma aparıldığı bildirilib. "Sakinlər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.
O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi ilə əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir" - deyə açıqlamada vurğulanır.