Gədəbəydə nə baş verib?
Sosial mediada Gədəbəyin Söyüdlü kəndində, dağın başında Daxili Qoşun əsgərlərinin kənd camaatı ilə qarşıdurmasını əks etdirən görüntülər paylaşılır. Məlumatlara görə kənd camaatı bu kəndin ərazisində qızıl yaxud mis mədənləri ilə əlaqəli inşa edilən süni gölün tikintisinə etiraz edib.
Hadisə yerinə gələn polis əməkdaşlarından bəzilərinin davranışı ciddi etiraz doğurub. Polis əməkdaşının yaşlı qadınların üzünə gözyaşardıcı qaz sıxması ictimaiyyətdə narazılıqlara səbəb olub.
AFN.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yayılan görüntülərlə bağlı şərh verib. O, bildirib ki, ilk baxışdan bəzi suallar yaranır: "Dağın başına Daxili Qoşun əsgərləri nə üçün yeridilib? Əsgərlərlə, polislə sadə insanları üz-üzə qoymaq qərarı hansı zərurətdən yaranıb, doğurdanmı problemi həll etmək üçün buna qədər olan bütün vasitələrdən istifadə edilib?
Paylaşılan videolarda, heç bir əsas olmadan adi bir kənd sakininə, yaşlı qadına qarşı gözyaşardıcı qazdan istifadə edilməsinin isə ümumiyyətlə izahı yoxdur. Bu necə ola bilər? Çox təəssüfləndirici bir haldır. Ümid edirəm rəsmilər, səlahiyyətlilər bununla bağlı açıqlamalar verəcəklər".
O.Gündüz ərazidə adı çəkilən işləri aparmaq üçün qanuni əsasların olub-olmamasını da gündəmə gətirib: "Əgər kiminsə əlində burada hansısa işləri görmək üçün qanuni əsaslar olubsa və kənd camaatından kimlərsə buna mane olub, qanunu pozublarsa, görəsən, bu poblemi həll etməzdən öncə bir maarifçilik işləri, izahat işləri aparılmalı deyildimi, vətəndaş cəmiyyətini və medianı cəlb edib bir ictimai müzakirələr aparmaq olmazdımı, kənd camaatı ilə, necə deyərlər halallaşmaq lazım deyildimi?!"
Ekspertin sözlərinə görə, əgər dövlət maraqları üçün hansısa layihələr icra olunacaqdısa, bunu qanuni yolla etmək olardı: "Hansı ki, indiyədək yüzlərlə belə layihələr icra olunub, amma Daxili Qoşunlara ehtiyac olmayıb. Ümid edirəm cəmiyyəti narahat edən bu məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti, hökumət və DİN ağlabatan bir açıqlama verəcəklər".