Qənirə Paşayeva Qazaxıstan Milli Konservatoriyasının fəxri professoru seçilib


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Qazaxıstanın Almatı şəhərində yerləşən Kurmanqazı adına Qazax Milli Konservatoriyasının fəxri professoru seçilib.


Komitə sədrinə fəxri professor diplomunu Konservatoriyanın rektoru əvəzi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülnar Əbdrəhman təqdim edib. Konservatoriyada keçirilən təqdimat mərasimində çıxış edən rektor əvəzi, Elmi Şuranın qərarını diqqətə çatdırıb, Q.Paşayevanın Azərbaycan-Qazaxıstan mədəni, elmi əlaqələrinə verdiyi töhfələrə vurğu edib.

Təşəkkür nitqi ilə çıxış edən Q.Paşayeva iki ölkənin mədəniyyət və incəsənətinin özəlliklərini qeyd edib, qardaş ölkənin nüfuzlu mədəniyyət, təhsil və elm ocağı tərəfindən fəxri professor adına layiq görüldüyü üçün minnətdarlığını bildirib.

Q.Paşayeva Heydər Əliyev Fondunun Azərbaycan klassik musiqisinə aid albomlarını Konservatoriyaya təqdim edib. G.Əbdrəhman bu musiqi albomlarının konservatoriyada dərs vəsaiti kimi istifadə olunacağını bildirib.

Konservatoriya rəhbərliyi ilə qarşılıqlı əlaqələrin mövcud durumu və perspektivlərini ətraflı müzakirə edən Komitə sədri, müəllifi olduğu “Qardaş ölkəm Qazaxıstan” kitabını, həmmüəllifi olduğu – qazaxca çıxmış “Qarabağdan doğan Günəş - Xurşidbanu Natəvan” və “Qarabağ hekayələri” kitablarını da konservatoriya kitabxanasına təqdim edərək, bütün Türk dünyasında tanınmış görkəmli musiqiçilər, sənət xadimləri yetişdirmiş Şuşa şəhərinin 2023-cü il üzrə Türk dünyasının Mədəniyyət paytaxtı olmasına vurğu edib: “Şuşa Qafqazın konservatoriyası adlanır. Şuşa 2021-ci ildən rəsmən Azərbaycanın, bu il isə Türk dünyasının Mədəniyyət paytaxtı statusunu daşıyır. Sizi böyük məmnunluq hissi ilə Şuşaya dəvət edirəm. Siz bu şəhərin Ermənistanın işğalından azad olunduğu qısa vaxt içində öz görkəmini necə bərpa etməkdə və çağdaş şəhər olaraq inkişaf etdiyini görəcəksiniz”.

Q.Paşayeva Şuşa şəhərinə həsr olunmuş xüsusi dekorativ tətbiqi sənət əsərini Konservatoriyaya bağışlayıb.

Qeyd edək ki, Q.Paşayeva Qazaxıstanın müxtəlif elm, təhsil, mədəniyyət ocaqları ilə uzunmüddətli səmərəli əlaqələrə malikdir. “Qardaş ölkəm Qazaxıstan” kitabında sözügedən sahədə əməkdaşlıq məsələləri də geniş əks olunub.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu