Saakaşvili feyzbuk səhifəsində sual-cavab sessiyası elan edib
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili özünün feyzbuk sosial şəbəkı hesabında yazaraq vətəndaşları nəyin narahat etdiyini daha yaxşı başa düşmək və fəaliyyət planı hazırlamaq üçün öz səhifəsində sual-cavab sessiyasına başladığını elan edib.
AFN.az bu haqda "Novosti Georgia"ya istinadən xəbər verir.
"Mən əvvəlcə sizin fikirlərinizi, tələblərinizi başa düşmək istəyirəm, sonra addım-addım hərəkətlərə dair baxışımla sizi tanış edəcəyəm. Ona görə də mən sual-cavab rejimini işə salıram... Ukraynaya qələbə, yaşa Gürcüstan!", - deyə M.Saakaşvili qeyd edib.
Saakaşvili ona ünvanlanan sualları cümə günü saat 12:00-a qədər feyzbuk vasitəsilə göndərməyi xahiş edib. Cavablar gələn həftə, çərşənbə axşamı onun səhifəsində yerləşdiriləcək. Sabiq prezident səhhəti ilə bağlı sual verməməyi xahiş edib: "Çünki indi buna vaxt itirməyə ehtiyac yoxdur".
Bir ildən artıqdır ki, Tiflisin "Vivamed" klinikasında müalicə alan həbsdə olan eks-prezident ötən həftə Gürcüstan siyasətində fəal iştirak etməyi planlaşdırdığını açıqlayıb.
M.Saakaşvili hazırda Sandro Girqvlianinin ölümündə və keçmiş deputat Valeri Gelaşvilinin döyülməsində təqsirli bilinənlərin əfv edilməsi işi üzrə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlər Saakaşvili Gürcüstandan kənarda olarkən qiyabi olaraq verilib.
2007-ci ilin noyabrında müxalifət aksiyalarının dağıdılması, 2021-ci ilin payızında Gürcüstana qayıdarkən büdcə vəsaitlərinin mənimsənilməsi və sərhədi qanunsuz keçmə ilə bağlı işlər isə baxılma mərhələsindədir.