Sergey Lavrov: "Qara dəniz taxıl təşəbbüsü bitsə belə, ixrac davam edəcək"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qara Dəniz Taxıl Təşəbbüsü sona çatsa belə, Rusiyanın kənd təsərrüfatı məhsulları ixracı davam edəcək.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov videokonfrans vasitəsilə keçirdiyi mətbuat konfransında cari məsələlərlə bağlı qiymətləndirmələr edib.
Qara Dəniz Taxıl Təşəbbüsünə son qoyulacağı təqdirdə Rusiyanın kənd təsərrüfatı məhsulları ixracının zərər görməyəcəyini ifadə edən Lavrov, "Hər halda gübrə və qida ixracımız davam edir. Əminəm ki, tərəfdaşlarımız zərər görməyəcək", ifadələrini işlədib.
Lavrov taxıl təşəbbüsünün Ukraynanın taxıl ixracına aid hissəsinin kommersiya xarakteri aldığını və taxılın 2,5 faizdən bir qədər çoxunun ən yoxsul ölkələrə ixrac edildiyini və müqavilənin ləğvi halında Rusiya eyni və ya daha böyük məbləğdə xərcləri ən kasıb ölkələrə ödəyə biləcəyini açıqlayıb. O, taxılın pulsuz tədarükünü təmin edəcəyini bildirib.
"Bu Qara dəniz razılaşmasını davam etdirmək istəyənlər üçün hansı arqumentin olduğunu başa düşə bilmirəm, çünki dediyim kimi, Ukrayna taxılından söhbət gedəndə, bu müqavilə çoxdan kommersiya xarakteri daşıyıb", - Lavrov bildirib.
Rusiyanın Şimal Dəniz Marşrutunun milli marşrut olduğunu vurğulayan Lavrov, bu marşrutun böyük hissəsinin Rusiyanın ərazi sularında olduğunu, ona görə də təhlükəsizliyə cavabdeh olduqlarını bildirib.
Lavrov bildirib ki, onlar bu marşrutun imkanlarını genişləndirmək üçün fəal işləyirlər.
Rusiyanın Afrika ölkələri ilə əlaqələrinin Rusiya-Afrika zirvəsi hazırlıqlarında son mərhələyə çatdığına diqqət çəkən Lavrov, Rusiya ilə Afrika ölkələri arasında önümüzdəki bir neçə ildəki qarşılıqlı fəaliyyət planları ilə bağlı böyük bir bəyannamə hazırlandığını vurğulayıb.
Nazir Lavrov Rusiyanın “Vaqner” mühafizə şirkətinin Afrikada olmasının birbaşa Afrika ölkələrinin şirkətlə imzaladığı müqavilələrə bağlı olduğunu qeyd edərək, bu əməkdaşlığın davam edib-etməməsinə bu ölkələrin hökumətlərinin qərar verəcəyini bildirib.