REAL qeydiyyat üçün yenidən müraciət edəcək - AÇIQLAMA
"Bu gün saat 18:00-də qərarımızı açıqlayacağıq”.
Bunu REAL Partiyasını icra kaitibi Natiq Cəfərli partiyanın qeydiyyata alınmaması ilə bağlı sualı cavablandırarkən deyib. N.Cəfərli qeyd edib ki, bu gün axşam saatlarında REAL Partiyasının İdarə Heyətinin toplantısı keçiriləcək və iclasdan sonra qərarları açıqlanacaq. "İndi nəsə bir şərh verməyin mənası yoxdur" - deyə o bildirib.
"Jurnalistlər, dost-tanış, hamı zəng edir, fikrimi soruşur, absurd siyasi qərara hüquqi və məntiqi şərh almaq istəyirlər - əzizlərim, qərar siyasidir, ora 55 min təmiz imza versək də, nəticəyə təsiri olmayacaq, amma biz 30 gün də çalışıb siyahını yenidən təqdim edəcəyik, sonrasını özləri bilər, əgər bu hakimiyyət 30 ildi qurduğu konfortlu, amma gələcəyimiz üçün təhlükəli "iqtidar-müxalifət" oyununu, siyasi sistemi davam etdirmək istəyirsə, özü bilsin – REAL bu məmləkətin sivil dəyişikliklərə getməsi üçün son şansıdır, sonrasını onlar, bir də cəmiyyət düşünsün" - deyə funksioner fikrini tamamlayıb.
Qeyd edək ki, partiya 5 min üzv siyahısını Ədliyyə Nazirliyinə təqdim etsə də, yoxlama zamanı REAL-ın cəmi 463 üzvünün keçərli olduğu bildirilib.