Hökumətin saxladığı adamlar REAL-a qarşı növbəti abırsız hücuma start veriblər - Natiq Cəfərli


Ölkədə qiymət artımının qısa müddət ərzində qarşısını kəsə, inflyasiyanı azalda biləcək yeganə addım vergi və rüsumların azaldılmasıdır.


AFN.az xəbər verir ki, bunu REAL-ın sədr müavini Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, iki aya yaxındır ki, REAL ərzaq məhsulları və dərmanlarda ƏDV-nin 18%-dən 2%-ə endirilməsini təklif edib, hökumətdən heç bir reaksiya yoxdur: "Amma hökumətin əlinin altında saxladığı müxtəlif insanlar məhz bu təklifdən sonra REAL-a qarşı növbəti abırsız hücuma start verdilər. Hökumət hesablanmış, rəqəmlərə və məntiqə söykənən təklifimizə nə “hə”, nə də “yox” deyə bilmir, çünki nəsə desə fikrini əsaslandırmalıdır, həm də cavab REAL-ın reytinqinə xidmət edə bilər deyə özləri kənarda qalıb orbitdə saxladıqlarını üzərimizə salmağa çalışırlar".
N.Cəfərli bildirib ki, REAL-ın təklifi əslində çox sadə və effektivdir: "Bu gün əhalinin 80%-ə yaxını ərzağı şəbəkə marketlərdən alır, onlar da ƏDV ödəyicisidir, ona görə də bu gün istənilən vətəndaş 100 manatlıq ərzaq alanda 118 manat ödəməyə məcbur olur. Biz deyirik ki, vətəndaş 100 manatlıq ərzaq alanda buna 2 manat ƏDV ödəsin, yerdə qalan 16 manatını da başqa dərdinə-sərinə xərcləsin – hökumətdən cavab gözlədiyimiz halda, bu təklifə hökumətərfanı qüvvələrdən cavab gəlir.
Ölkənin bir nömrəli gündəmi inflyasiya və qiymət artımı, bununla mübarizə üçün atılacaq addımlar, təkliflər olmalıdır, amma görünən odur ki, ictimai-siyasi gündəmi şouya, təhqiri-söyüşü əsas alətə çevirməkdə maraqlı iqtidar tərəfindən idarə olunan qüvvələr çoxdur, hökumət də istədiyi kimi belə şoular düzəldib iştirakçıları yönləndirərək əsas məsələlərdən fikir yayındıra bilir.
Siyasətdə, ictimai fəaliyyətdə şou elementləri ola bilər, amma daimi şou göstərib bunu siyasət kimi təqdim etmək mənasız və ziyanlı fəaliyyətdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu