Sudan ordusu Xartumda 12 HDK üzvünü öldürdüyünü açıqlayıb
Sudan ordusu aprelin ortalarından bəri döyüşdüyü hərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələrinin (HDK) 12 üzvünü paytaxt Xartumda zərərsizləşdirdiyini açıqlayıb.
Ordunun Facebook hesabında yayılan səs yazısında sözçü Nebil Abdullah, "Silahlı qüvvələrimiz üsyançı milislərə (HDK) ağır itkilər verən uğurlu əməliyyatlar həyata keçirir. O, 4 maşını da məhv edib" deyə bildirib.
Sudan ordusu bir vaxtlar dəstəklədiyi, lakin müstəqil və paralel ordu kimi fəaliyyət göstərdiyi üçün təhlükə olaraq gördüyü HDK-nın 2 il ərzində tam şəkildə orduya inteqrasiyasını istəyirdi.
HDK-nın mülki hökumətdən təxminən 10 il sonra bunu qəbul edə biləcəyini bəyan etməsi ilə başlayan söz savaşı və gərginlik 15 aprel səhəri Xartum və müxtəlif şəhərlərdə tərəflər arasında silahlı qarşıdurmaya çevrildi.
Münaqişədə əksəriyyəti mülki şəxslər olmaqla 3000-dən çox insan həlak olub, on minlərlə insan yaralanıb.
Tərəflər bir-birini münaqişələr və insan haqları pozuntuları törətməkdə günahlandırsa da, HDK ötən gün insan haqlarının pozulması iddialarını araşdırmaq üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlığa hazır olduqlarını açıqlayıb.
BMT Sudanda 100 gündən artıqdır davam edən münaqişə ucbatından 4 milyona yaxın insanın didərgin düşdüyünü bildirib.
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) 926 mindən çox sudanlının Misir başda olmaqla qonşu ölkələrə sığınmaq məcburiyyətində qaldığını, aprelin 15-dən bəri davam edən qarşıdurmalarda 3 milyondan çox insanın məcburi köçkünə çevrildiyini bildirib.
BMT Baş katibinin sözçünün müavini Farhan Haq qeyd edib ki, ölkədə 20 milyondan çox insan yüksək səviyyədə kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir.