Böyük Britaniyada immiqrant qadınlar üzərində radioaktiv təcrübənin araşdırılması iddiası var

Böyük Britaniyada 1960-cı illərdə Cənubi Asiya əsilli mühacir qadınlara Hindistan yarımadasından gələn və tərkibində radioaktiv maddələr olan ənənəvi “çapati” çörəyi verilməsi eksperimentinin hüquqi araşdırılması tələb edilir.
"The Guardian"ın xəbərinə görə, Koventri şəhərinin millət vəkili Taivo Ovatemi, 1960-cı illərdə İngiltərəyə yeni gəlmiş və ingilis dilini çox az bilən immiqrant qadınların istifadə edildiyi araşdırma ilə bağlı yeni hüquqi tədqiqat aparılmasını istəyib.
Kardiff Universitetinin professoru Piter Elvudun rəhbərlik etdiyi və Tibbi Tədqiqatlar Şurası (MRC) tərəfindən maliyyələşdirilən tədqiqat ilk dəfə 1995-ci ildə "Ölümcül Eksperimentlər" sənədli filmində aşkar edilib.
MRC-nin təsdiq etdiyi məlumata görə, 1969-cu ildə nəşr olunan araşdırmada 21 hindistanlı mühacir qadına qamma və beta şüaları yayan Dəmir-59 izotopunu ehtiva edən "çapati" verilib.
Cənubi Asiya əhalisi arasında dəmir çatışmazlığı ilə bağlı aparılan bir araşdırmada, çörək istehlak edən miqrant qadınların bədənlərinin radiasiya səviyyələrinə əsasən udduğu dəmirin miqdarını hesablamaq üçün Oksfordşirdəki Atom Enerjisi Tədqiqat Təşkilatına (AERE) aparıldığı bildirilir.
Təcrübənin ilk ortaya çıxdığı illərdə şəxsiyyətləri müəyyən edilən bir neçə iştirakçı qadın eksperimentdə radioaktiv izotopların istifadəsindən xəbərsiz olduqlarını və təcrübəyə razılıq vermədiklərini bildiriblər.
Millət vəkili Ovatemi sentyabr ayında İcmalar Palatasının açılışı zamanı araşdırmanı gündəmə gətirəcəyini və hüquqi araşdırma tələb edəcəyini qeyd edərək, "Mənim əsas narahatlığım bu araşdırmada mövzu olaraq istifadə edilən qadınlar və onların ailələri ilə bağlıdır" - deyə bildirib.
Ovatemi tədqiqatdan sonra iştirakçıların sağlamlığına uzunmüddətli nəzarət mexanizminin olmamasının dəhşətli olduğunu deyib.
Varvick Universitetinin alimləri ilə birlikdə çalışaraq araşdırmada qadınlara çatmağa çalışdıqlarını ifadə edən Ovatemi, söz mövzusu qadınlara istiqamət verərək ehtiyac duyduqları dəstəyi almağı hədəflədiklərini bildirib.