İlin əvvəlindən bəri ABŞ-da azı 484 kütləvi atışma baş verib
ABŞ-da ilin əvvəlindən ən azı 484 kütləvi atışma olub. Bu, keçən ilin eyni dövründə baş verən hücumların sayını üstələyir.
"ABC News"un xəbərinə görə, ölkədə baş verən silahlı zorakılıq hadisələrini gündəlik 7 mindən çox mənbədən toplayan "Gun Violence Archive" sentyabrın ilk 4 günündə 5 kütləvi atışma olduğunu açıqlayıb.
Arxivin qeydlərinə görə, 2023-cü ilin ötən dövründə ən azı 484 kütləvi atışma olub. Bu, hər gün orta hesabla 2 kütləvi atışma olduğunu göstərir.
Arxiv 2022-ci ildə təxminən 645, 2021-ci ildə isə 690 kütləvi atışma olduğunu bildirib. Qeydlərə görə, ötən ilin eyni dövründə ölkədə 455 kütləvi atışma olub.
"Gun Violence Archive" kütləvi hücumu müəyyən etmək üçün Federal Təhqiqat Bürosunun (FTB) meyarlarından istifadə edir. Buna əsasən, bir hadisə nəticəsində hücum edəndən başqa ən azı 4 nəfərin həyatını itirdiyi və ya yaralandığı silahlı hücumlar kütləvi silahlı hücum kimi qiymətləndirilir. Bu tərifə kommersiya məqsədli cinayət fəaliyyəti, fərdi düşmənçilik və ya dəstə insidentləri, ailə qətlləri və oxşar zorakılıq hadisələri daxil deyil.