Antarktida gözləniləndən iki dəfə çox istiləşib
İqlim dəyişikliyi ilə bağlı son elmi araşdırmalar Antarktidada istiləşmənin əvvəllər təxmin ediləndən demək olar ki, iki dəfə sürətli olduğunu ortaya çıxarıb.
Tədqiqatlara görə, bunun qlobal su səviyyəsinin artması ilə bağlı geniş fəsadları ola bilər. Qitədəki son 1000 ilin temperaturlarını təyin etmək üçün Antarktidadan götürülmüş 78 buz nüvəsini araşdıran elm adamları istiləşmənin təbii tempdən kənarda baş verdiyini müəyyən ediblər.
“Nature Climate Change” elmi jurnalında dərc edilən araşdırma Antarktidanın hər 10 ildən bir 0,22-0,32 dərəcə istiləşdiyini ortaya qoyub. Əvvəlki iqlim modelləri qitədə istiləşmə sürətinin 0,18 dərəcə olduğunu təxmin edirdi.
Artan temperaturlara qarşı daha həssas hesab edilən Qərbi Antarktidada istiləşmə nisbətlərinin əvvəlki iqlim modellərindən iki dəfə yüksək olduğu müəyyən edilib.
Dünyada suyun səviyyəsi bir neçə metr qalxa bilər
Hesablamalara görə, qitənin bu hissəsində buz təbəqəsi qoparsa, bütün dünyada suyun səviyyəsi bir neçə metr qalxa bilər.
İqlim alimləri çoxdan qütb bölgələrinin planetin qalan hissəsindən daha sürətli istiləşməsini gözləyirdilər. Şimal qütbündə əvvəllər müşahidə edilən bu fenomen "qütb gücləndirilməsi" adlanırdı.