Azərbaycanla Aİ arasında vizaların sadələşdirilməsi müzakirə olunub
Bakıda Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AFN.az-a verilən məlumata görə, iclasda Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmiləri, eləcə də Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Baş Direktorluğunun nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları və Avropa İttifaqı üzv dövlətlərinin ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalarının konsulları da iştirak ediblər.
Tərəflər 2013-cü ilin noyabrın 29-da imzalanmış “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin müddəalarından irəli gələn sadələşdirilmələrin tətbiqi mexanizmləri və Avropa İttifaqı ilə ölkəmiz arasında bu sahədə faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini əhatə edən mövzular ətrafında konstruktiv və ətraflı müzakirələr aparıblar.
2022-ci və 2023-cü il noyabrın 15-dək olan statistik göstəricilərə istinad edilərək, Azərbaycan Respublikası və Avropa İttifaqı vətəndaşları arasında qarşılıqlı səfər sayında ciddi artımın olduğu vurğulanıb.
İclas zamanı, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalarına viza müraciətləri zamanı üzləşdikləri çətinliklər qarşı tərəfin diqqətinə çatdırılıb və onların aradan qaldırılması mexanizmləri üzrə fikir mübadiləsi aparılıb.