Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.


Görüşdə Hikmət Hacıyev Aktotı Raimkulovanı Türk Dövlətlərinin Başçıları tərəfindən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə təbrik edib. O, müasir dövrdə Türk xalqlarının hərtərəfli inteqrasiya proseslərinin gücləndirilməsinin önəmindən bəhs edərək, türk dövlətlərinin mədəni əlaqələrinin inkişafında təşkilatın rolunu vurğulayıb.

Görüşdə Fondun prezidenti Aktotı Raimkulova Qarabağın işğaldan azad olunmasını Azərbaycan və bütövlükdə Türk Dünyası üçün tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirib. Təşkilatın rəhbəri cari ildə Türk Dünyasında təntənəli qeyd olunan əlamətdar yubileylər sırasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illiyinə diqqət çəkib.

Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasında və qurulduğu ilk illərdən etibarən təşkilatın fəaliyyətinə dəstəyin verilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna rolunu vurğulayıb. O, Fondun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa prosesinə töhfə verilməsinə, eləcə də ölkənin təklifləri əsasında təşkilatın bundan sonrakı fəaliyyətlərində yeni strateji istiqamətlərin həyata keçirilməsinə hazır olduğunu vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri ilə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu