Türkiyədə beynəlxalq mütəşəkkil cinayətkar qrupların üç lideri saxlanılıb
İnterpol xətti ilə axtarışda olan beynəlxalq mütəşəkkil cinayətkar qrupların üç lideri Türkiyədə saxlanılıb.
Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya X sosial şəbəkəsində məlumat verib.
Əməliyyatlar Antalya və İstanbulda həyata keçirilib. Nazir qeyd edib ki, saxlanılan şəxslər Polşa, Çin və Almaniyanın səlahiyyətli orqanlarının tələbi ilə narkotik qaçaqmalçılığı və dələduzluq ittihamı ilə axtarışa verilib.
Ötən həftə Britaniya və Çin mütəşəkkil cinayətkar qrupunun rəhbərlərinin də İnterpolun sorğusu əsasında İstanbulda saxlanıldığı xəbəri yayılmışdı.
Noyabrda Türkiyə polisi narkotik biznesinə qarşı bir sıra uğurlu əməliyyatlar həyata keçirib. Belə ki, Cənubi Amerikadan Avropaya narkotiklərin tədarükü ilə məşğul olan narkotik kartellərinin rəhbərləri saxlanılıb.