Azərbaycanda professor məhkəmə zalında həbs edildi
Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, professor külli miqdarda dələduzluqda təqsirli bilinib. İttihama görə, o, bir neçə nəfərə yalan vəd verərək 80 min manatdan çox pul ələ keçirib.
İşi Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdırıb.
Hökmə əsasən, R.Vəliyev 6 il azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan professor məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Rövşən Vəliyev 2007-ci ildə də saxta sənədlərdən istifadə etmə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməyə görə cinayət məsuliyyətinə cəlb edilmişdi.