Dmitri Medvedev: Bu, Rusiyaya müharibə elanıdır
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Böyük Britaniyanın baş naziri Rişi Sunakın Kiyevə səfəri zamanı Böyük Britaniya və Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin imzalanmasını şərh edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə özünün "Teleqram" kanalında yazıb.
Medvedev bildirib ki, Rusiya Britaniya qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini müharibə elanı kimi qəbul edəcək. Elan edilən razılaşma Britaniya hərbçilərinin Ukraynada yerləşdirilməsini nəzərdə tutmur.
"Qərb ictimaiyyəti bizim Belqorodun mülki əhalisinin başına gəldiyi kimi, Kiyevin mərkəzində Britaniya nümayəndə heyətinin kasetli sursatlardan atəşə tutulmasına necə reaksiya verərdi?", deyə Təhlükəsizlik Şurasının sədr müavini "Telegram"da yazıb.
Qeyd edək ki, bu gün, yanvarın 12-də səhər saatlarında Sunak Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gəlib. Bundan əvvəl Britaniya baş nazirinin ofisi məlumat verib ki, səfər zamanı o, 2,5 milyard funt-sterlinq dəyərində yeni hərbi yardım paketini və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin bağlanmasını elan edəcək.
Sunakın ofisi aydınlaşdırıb ki, 2024 və 2025-ci illər üçün nəzərdə tutulan hərbi yardım paketi Ukraynaya ən böyük dron tədarükünü əhatə edəcək. Ofisin mətbuat xidməti əlavə edib ki, pilotsuz uçuş aparatlarının əksəriyyətinin Böyük Britaniyada istehsal ediləcəyi gözlənilir və Müdafiə Nazirliyi PUA-ların sayını əhəmiyyətli dərəcədə artırmaq üçün beynəlxalq tərəfdaşlarla işləyəcək.
Təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi kəşfiyyat məlumatlarının mübadiləsini, tibb və hərbi personalın hazırlanmasını və birgə müdafiə sənayesinin yaradılmasını nəzərdə tutur. Baş nazirin ofisinin saytında yer alan açıqlamaya görə, 2024 və 2025-ci illərdə Londonun Ukraynaya hərbi yardımı 200 milyon funt sterlinq artacaq. Böyük Britaniya elan edilən yardım paketi ilə yanaşı, Ukrayna ordusuna ümumilikdə 12 milyard funt sterlinqlik hərbi yardım göndərib.