Almaniya 6 günlük dəmiryol tətilinə hazırlaşır


Almaniya Almaniya Maşınistlər İttifaqının (GDL) sabahdan başlayacaq və yanvarın 29-na kimi davam edəcək böyük tətilinə hazırlaşır.


Alman Dəmir Yolları (DB-Deutsche Bahn) ilə əmək haqqının artırılması danışıqları bir daha uğursuz nəticələndikdən sonra GDL son 3 ayda dördüncü dəfə tətil etmək qərarına gəlib.

İşin dayandırılması bu gün yük qatarlarında yerli vaxtla saat 18.00-da, sərnişin qatarlarında isə yanvarın 24-də saat 02.00-da başlayacaq. Yanvarın 29-u saat 18:00-da tətilin dayandırılması planlaşdırılır.

Alman Dəmir Yolları altı günlük tətil zamanı ümummilli qatar şəbəkəsində böyük fasilələr olacağı barədə xəbərdarlıq edib.

Yeni tətil son 3 ayda dördüncü və Almaniya Dəmir Yolları ilə GDL arasında əmək haqqı mübahisəsi ilə bağlı ən uzun tətildir.

Həmkarlar ittifaqı inflyasiya ilə mübarizə üçün dəmir yolu şirkətlərində çalışanların, xüsusən də maşinistlərin maaşlarının orta hesabla 550 avro artırılmasını və 3 min avroya qədər birdəfəlik ödəniş tələb edir. GDL həmçinin növbəli işçilərin iş saatlarının həftədə 38 saatdan 35 saata endirilməsini, maaşlarda heç bir azalma olmamasını istəyir.

Alman Dəmir Yolları isə maşinistlərin maaşlarının avqust ayı etibarilə orta hesabla 4,8 faiz, 2025-ci ilin aprel ayından isə 5 faiz artırılmasını təklif edib. GDL bu təklifi qəbul etməyib.

Eyni zamanda, Alman Dəmir Yolları işçi qüvvəsi çatışmazlığı səbəbindən həmkarlar ittifaqının iş vaxtının azaldılması tələbini rədd edərək, iş saatlarında çeviklik təklif edir. Üstəlik, Alman Dəmir Yolları indiyədək növbəli işçilər üçün iş vaxtının bir saat azaldılmasını nəzərdə tutan istəyə bağlı model təklif edib.

Alman Maşinistlər İttifaqının (GDL) prezidenti Klaus Veselski Alman Dəmir Yollarının təklifini qəbul etməyib və danışıqlara getmək istəmədiyini, buna görə də tətilin qanuni və mütənasib olduğunu müdafiə edib.

Almaniya sənaye istehsalında azalma, qeyri-adi yüksək inflyasiya, artan faizlər və koalisiya hökumətinin tənqidi kimi zəif makroiqtisadi göstəricilərlə qarşılaşarkən, ölkə daxilində uzun müddət davam edən dəmiryol tətilinin iqtisadi problemləri artıracağına diqqət çəkilir.

Sözügedən tətilin sənayeyə əhəmiyyətli məhdudiyyətlər gətirəcəyi gözlənilir. Xüsusilə avtomobil kimi dəmir yolu daşımalarını yüksək templərlə həyata keçirən sektorlar yenidən planlaşdırmaq məcburiyyətində qala bilər.

Ölkədəki bəzi siyasətçilər gələcəkdə belə tətillərin qarşısını almaq üçün qanunları sərtləşdirməyə çağırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu