Reuters: "Çin İrandan husilərə təsir göstərməsini istəyib"
Çin İrandan Qırmızı dənizdə Yəmənin dəstəklədiyi Husi üsyançı Ənsar Allah hərəkatının hücumlarını dayandırmağa kömək etməsini istəyib.
Bu barədə “Reuters” İran mənbələrinə istinadən məlumat yayıb.
"Çin və İran bu yaxınlarda Pekin və Tehranda bir neçə görüş keçirib, Qırmızı dənizdə ticarət və hücumları müzakirə ediblər. Çin bildirib ki, onun maraqlarına hər hansı şəkildə zərər vurularsa, Tehranla ticarət əlaqələri təsirlənəcək. Buna görə də İran təmkin nümayiş etdirmək üçün husilərə təsir etməlidir”, - deyə mənbə bildirib.
Tehranla ticarət əlaqələrinin kəsilməsi ilə bağlı konkret şərh verilməyib.
Agentlik yazır ki, Qırmızı dənizdə husilərin hücumları gəmiçilik və sığorta xərclərinin artmasına səbəb olub, Çinin Avropa və Asiya arasındakı ticarət yolunu pozub.