"Lufthansa"da işləyən yerüstü xidmət personalı yenidən tətil edəcək
Almaniyada hava yolu şirkəti "Lufthansa"nın yerüstü xidmət işçilərinin kollektiv danışıqlarda razılığa gələ bilmədiyi üçün yenidən xəbərdarlıq tətili keçirəcəkləri açıqlanıb.
Birləşmiş Xidmət Sektoru Birliyinin (Verdi) verdiyi açıqlamaya görə, Frankfurt, Münhen, Hamburq, Berlin, Düsseldorf, Köln/Bonn və Ştutqart hava limanlarında "Lufthansa"da işləyən yerüstü işçilər işi dayandıracaq.
Açıqlamada xəbərdarlıq tətilinin fevralın 20-də yerli vaxtla saat 04.00-da başlayacağı və fevralın 21-i saat 07.10-da başa çatacağı paylaşılıb.
Açıqlamaya görə, fevralın 12-də işəgötürənlərlə təxminən 25 min işçi üçün əmək haqqının artırılması tələbi ilə keçirilən kollektiv danışıqların üçüncü raundunda razılıq əldə olunmayıb, işəgötürənlər tərəfindən edilən təklif işçilərlə intensiv müzakirə edilib və işçilərin 96 faizi tərəfindən rədd edilib.
Verdi nümayəndəsi Marvin Resçinski yerüstü xidmət işçilərinin onlara qarşı ədalətsiz davranıldığını düşündüyünü və yerüstü xidmət işçilərinə təklif olunan maaşların son illərdəki qiymət artımını belə kompensasiya etmədiyini bildirib.
Həmkarlar ittifaqı yerüstü xidmət işçilərinin əmək haqqının ən azı 500 avro artırılması ilə 12,5 faiz artırılmasını tələb edir. Bundan əlavə yüksək inflyasiyanı kompensasiya etmək üçün işçilərə 3 min avro mükafat verilməsi istənilir.
Lufthansa-da yerüstü xidmət personalı daha əvvəl fevralın 7-də xəbərdarlıq tətili etməsi nəticəsində aviaşirkətin 1000 uçuşundan təxminən 900-ü ləğv edilmiş və təxminən 100 min sərnişin tətildən təsirlənmişdi.